“Azəristiliktəchizat”: “Azəriqaz”a olan borcumuz dəqiqləşdirilir

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində bildirib ki, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a bu il üzrə mövsümü borcu 20 milyon manat üzərindədir.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı ilə əlaqə saxladıq. E.Basqallı İndex.az-a bildirdi ki, 2021-ci ildə istehsalla bağlı “Azəristiliktəchizat” ASC-nin xərcləri 59.98 milyon manat təşkil edib ki, onun da 32.24 milyon manatı və ya 53.75%-i təbii qaz alınması xərcləridir:

“Mövcud tariflərlə istilik xidmətlərinin dəyərinin ödəniş səviyyəsi 80% olmaqla, “Azəristiliktəchizat” ASC-nin gəlirləri 13.04 milyon manat təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, sosialyönümlü fəaliyyət göstərən “Azəristiliktəchizat” ASC-nin xərcləri gəlirlərini üstələyib. Dövlət tərəfindən ayrılan subsidiyalarla alınan təbii qazın xərclərinin müəyyən hissəsi ödənsə də, borclar yaranıb. Bu borcun tam dəqiqləşdirilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin və “Azəriqaz” İB-nin əməkdaşlarından ibarət birgə komissiya yaradılıb və dəqiqləşdirmə aparılır”.

Qurum rəsmisi əlavə etdi ki, ölkədə istilik təchizatları sisteminin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 aprel 2022-ci il tarixində İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb:

“Sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində Energetika Nazirliyinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Sərəncama uyğun olaraq, hazırda Azərbaycan respublikası Energetika Nazirliyi tərəfindən “Azəristiliktchizat” ASC-də aparılacaq islahatların sürətləndirilməsi ilə əlaqədar beynəlxalq məsləhətçilərin dəvət olunması ilə əlaqədar zəruri tədbirlər görülməkdədir”.

 

Mirəli Qasımov/İndex.az