Bakıdan bu kurort şəhərə aviareyslərin sayı artırıla bilər

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə görüşüb.

İndex.az AZAL-a istinadən xəbər verir ki, görüşdə mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb.

C.Əsgərov ölkələr arasında müntəzəm hava əlaqəsinin olduğunu bildirib. Hazırda Misirin “Air Cairo” aviaşirkəti həftədə bir dəfə Bakı şəhərindən Qırmızı dənizin sahilində yerləşən Şarm-əş-Şeyx kurort şəhərinə və geri istiqamətdə uçuşlar yerinə yetirir.

Səfir iki ölkənin turizm potensialının genişləndirilməsi məqsədilə mülki aviadaşımalar sahəsində tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsində və Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsində maraqlı olduğunu bildirib.

AZAL-ın prezidenti Bakı ilə Qahirə arasında sərnişin və yük daşımalarının həyata keçirilməsi, həmçinin Şarm-əş-Şeyx – Bakı – Şarm-əş-Şeyx marşrutu üzrə uçuşların sayının artırılması məsələlərində maksimum yardım göstəriləcəyini qeyd edib.

“Qahirədən Bakıya sərnişin reysləri açıldığı təqdirdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air Cairo” aviaşirkətinə hava limanı tərəfindən müəyyən edilmiş qaydada endirimlər tətbiq olunacaq”, – deyə C.Əsgərov qeyd edib.