“Ştutqart”ın rəhbəri keçmiş işçisinə məhkəmədə qalib gəldi

Nərimanov Rayon Məhkəməsində sabiq deputat, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyevin keçmiş işçisi barəsində xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

İndex.az xəbər verir ki, N.Əliyev barəsində mətbuatda iddialarla çıxış edən 1985-ci il təvəllüdlü Ağutalıb Ağayev barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə elan edilmiş ittiham üzrə hökm elan edilib. Hökmə əsasən, mağazalar şəbəkəsinin keçmiş işçisi A.Ağayevə Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə bəraət verilib. Lakin o, məcəllənin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.

Həmçinin Abutalıb Ağayevin sabiq deputatın şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, nalayiq formada qəsdən alçaldan bilə-bilə yalan məlumatları yayması qeyd edilərək onun N.Əliyevdən mətbuat vasitəsilə üzr istəməsinə qət edilib.

Qeyd edək ki, bu ilin yanvarında Abutalıb Ağayev mediaya çıxaraq keçmiş müdiri N.Əliyevdən şikayətçi olub. O, eks-deputatı maaşları verməməkdə, işçilərə pis münasibət bəsləməkdə, ağacları kəsdirməkdə və sair əməllərdə günahlandırıb. Həmçinin mətbuatda sabiq deputata məxsus olduğu bildirilən çoxsaylı əmlakların siyahısı da yayılıb.

Mənbə – Qafqazinfo