Aktyor Corc Qafarov dövlət tərəfindən mənzillə təmin olunması haqda danışıb.
İndex.az xəbər verir ki, bu barədə C. Qafarov Olay.az-a açıqlama verib. O deyib ki, ev üçün 1 il əvvəl müraciət edib:
“Xəbəri eşidəndə təəssüratlarım gözəl oldu. Dövlət himayəsində böyüyüb məzun olmuşuq, adıma əmlak olmadığı üçün bir mənzil ayrıldı. Bir il əvvəl müraciət etmişdim. Dörd ay sonra qardaşıma ev verildi, indi də mənə”.
Aktyor sosial şəbəkələrdə mövzu barədə ona mənfi şərh yazanlardan da söz açıb:
“Tənqidlərə münasibətim normal olur. Üzdə olan insanlara hər zaman həm tənqid, həm də tərif yazanlar ola bilər. Bu normaldır”.
Qeyd edək ki, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə “Ümid Yeri” Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub. Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb. Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib. Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub”.
Xatırladaq ki, Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb.