“Azpetrol”da yanacaq limitlə satılır?

Ötən həftə və həftəsonu günlərində müxtəlif istifadəçilər «Azpetrol» şirkətinin yanacaqdoldurma məntəqələrində yanacağın limitlə satışı halları ilə rastlaşıblar.

İndex.az xəbər verir ki, istifadəçilər limitin Aİ-95 benzininin satışına aid olduğunu, hər avtomobilə 30 litrdən artıq benzin verilmədiyini bildiriblər. Bəzi istifaəçilər isə digər yanacaqdoldurma məntəqələrində, xüsusilə rayonlarda da belə hallar olduğunu və limitin Ai-92 benzininə də aid olduğunu bildiriblər.

«Azpetrol» şirkətinin mətbuat katibi Ülviyyə Hüseynova FED.az-a şirkətin YDM-lərində limit qoyulmadığını bildirib. Onun sözlərinə görə, yalnız Aİ-95 benzininə aid ola bilər, o da YDM-lənrin təchizat problemi ilə bağlıdır:

«Hazırda “Azpetrol” yanacaqdoldurma məntəqələrinin heç birində 30 litr limiti tətbiq olunmur. Qeyd etdiyiniz limit – bu da ancaq 95 premium benzinlə ola bilər, çünki Aİ 92 və dizel yanacağı ilə bağlı heç bir limit yoxdur. Aİ 95 ilə bağlı müvəqqəti limit ola bilər ki, hər hansı bir yanacaqdoldurma məntəqəsində təchizat problemləri ilə bağlı olsun. Bu da həmin YM-də fasiləsiz fəaliyyətin təmin olunması məqsədilə müvəqqəti tətbiq oluna bilən limit ola bilər. Lakin hazırda heç bir yanacaqdoldurma məntəqəsinin ərazisində heç bir limit tətbiq olunmur».