Bakıda evlər söküləcək, yoxsa Türkiyə modeli tətbiq olunacaq?

“Bakının tam dəqiqliklə seysmik xəritəsi son dəfə 1957-ci ildə olub”.

Bunu İndex.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, 1957-ci ildən sonra Bakının tam seysmik xəritəsi olmayıb: “Bakının seysmik xəritəsi hələ indi formalaşır. Əslində bizim əlimizdə 2018-ci ilə qədər bu sahədə materiallar var. 2018-ci ildən sonra tikilmiş binalarda, çəkilmiş küçələrdə tək-tək incəliyinə kimi analiz aparıldığına görə xəritə gecikir. Onu da nəzərə alın ki, Bakı böyük şəhərdir”.

Seysmik xəritənin hazırlanma prosesinin çox ləng aparılması ilə bağlı direktora ünvanladığımız sualı isə belə cavablandırdı:

“Əslində bu sahədə bizə mane olan hər hansı bir amil yoxdur. Lakin 2018-ci ildən sonra tikinti şirkətləri bizə gəlmirlər, məlumatlandırmırlar. Mən bununla bağlı cənab nazirə (fövqəladə hallar naziri Kəmaləddin Heydərovu nəzərdə tutur – red.) məktub yazdım. O da qarşılığında məktubun üzərini yazıb, təlimatlarını verdi…”

Q. Yetirmişlidən neçə binanın seysmik analiz standartlarına cavab verib-vermədiyini də soruşduq:

“Mən bu suala konkret cavab verə bilmərəm. Axı bilmirəm hansı binada hansı tikinti materiallarından istifadə olunub. Lakin məndə olan məlumata görə, şəhərdə elə binalar var ki, onları FHN belə qəbul etmir. Bu, qəzet məlumatı deyil, əsaslı məlumatdır”.

Bəs gələcəkdə seysmik analizə əsaslanaraq Bakıda hansı ərazilərdə söküntü işləri aparıla bilər? Bu suala akademik belə cavab verdi:

“Yeni planlarımız var. Bu yeni bir iş formatıdır. Türkiyə universitetlərindən biri ilə əməkdaşlıq aparılaraq, köhnə binaların zəif hissələrinin aşkarlanması həyata keçiriləcək. Hətta dünən onlarla görüşdə keçirmişik. Yeni format artıq Türkiyədə istifadə olunur və Azərbaycanda da sınaqdan keçiriləcək”.