Ömrü 40 gün olan avtomobil ehtiyat hissələri bazara necə gəlir?

Bir çox hallarda sürücülər avtomobilləri üçün aldıqları ehtiyat hissələrindən narazılıq edirlər. Səbəb təkcə qiymətlərin baha olmasında deyil. Narazılıqlar həm də ehtiyat hissələrinin keyfiyyətinin aşağı səviyyədə olması ilə bağlıdır.

Bakı sakini Amil Hacıyev də eyni problemlə üzləşib. Aldığı detalın ömrü cəmi 40 olub. Şikayət etdikdə isə satıcı vəziyyətdən çıxmağı bacarıb:

“Bizdə keyfiyyət bizdə ən axırıncı düşünülən nüansdır. Ən çox da bu avtomobil ehtiyyat hissələrində özünü göstərir. Reklamı ilə özünü bir nömrə sayan “Avto Sistem” mağazalar şəbəkəsindən aldığım detal 40 gün getdi. Mağazaya deyəndə də deyir, bu türk malıdı, alman alardın. Satanda isə tərifin biri bir qəpik. Sadəcə, susuruq, olan isə kasıba olur. Şikayət edəsən amma hara, kimə?”

Suala cavab tapmaq məqsədilə bu sahədə fəaliyyət göstərən mütəxəssislərə müraciət etdik. Fikirlərini İndex.az-la bölüşən avtomobil ehtiyat hissələri üzrə ekspert Natiq Rüstəmov hazırda ehtiyyat hissələri bazarında vəziyyətin cox qarışıq olduğunu deyib. Kəmiyyət, keyfiyyət və qiymət məsələsini şərh etməkdə çətinlik çəkdiyini deyib:

“Avtomobil ehtiyyat hissələri bazarında nə qədər dürüst keyfiyyətli məhsul satan varsa, bir o qədər də saxtakarlıq edənlər var. Bu gün həmin bazarda yetəri qədər fırıldaqçılıq edənlər mövcuddur. Bunlardan ən çox rast gəlinənlər “original” adı altında qeyri-orijinal məhsulun təqdim olunmasıdır. Onun üçün alıcılar diqqətli olmalı və bu saxtakarlardan uzaq durmalıdırlar”.

Fırıldaqçılqıla üzləşən sürücülərin hüquqlarının təmin  olunmasına gəlincə, N.Rüstəmov onlara aldıqları malları dəyişdirməyi və ya ödənişi geri tələb etməyi tövsiyə edib:

“Müştərinin aldığı məhsulda problem olarsa, yəni haqlı tərəfdirsə, 14 gün müddətində geri qaytarmaq hüququ vardır. Bu zaman pulun tamamı da geri qaytarılmalıdır. Bəzən müştəriyə malın dəyişdirilməsi təklif olunur. Əgər mal dəyişdirilməsi və ya qaytarılması qadağan olunan məhsullara aid deyilsə, müştərinin malı dəyişdirməmək, pulunun tamamilə geri verilməsi qarşılığında malı qaytarmaq haqqı vardır. İstehlakçı bu kimi hallarla üzləşdikdə məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin 498-15-01 (04) nömrəli “Qaynar xətt”inə zəng vura bilər”.

Bəs avtomobil hissələri bazarında azad rəqabəti formlaşdırmağın yolu nədir? Suala aydınlıq gətirən N.Rüstəmovun fikrincə, “qara bazar”a nəzarət gücləndirilməldir:

 

“Artıq uzun illərdir avtomabil ehtiyat hissələri bazarı azad rəqabətdədir. Hazırda ölkəmizdə bir çox nəhəng topdansatış və pərakəndə satış ilə məşğul olan şirkətlər fəaliyyət göstərir. Bəzi şirkətlər artıq uzun illərdir inkişafa doğru iri addımlarla irəliləyir. Buna səbəb ölkədə azad rəqabətin uzun illər ərzində formalaşmasıdır. Bəzi hallarda “qara bazar” adlandırdığımız satış məntəqələri var ki, onlar hər hansısa qeyri-rəsmi yol ilə əldə etdikləri məhsulları daha ucuz təklif etməklə rəsmi işləyənlərin işinə mane olurlar. Amma bu istiqamətdə də müvafiq rəsmi qurumlar tərəfindən nəzarət tədbirlərinin artmasını müşahidə edirik”.