“Günay sığorta”nın yığımları kəskin azalıb

2022-ci ildə «Günay sığorta» şirkətinin yığımları sürətlə azalmaqdadır.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin ilk 5 ayında «Günay Sığorta» cəmi 2 milyon 753 min manatlıq sığorta haqqı toplaya bilib. Şirkət bu göstərici ilə ölkənən sığorta şirkətləri arasında axırdan 5-ci yeri tutur.

Ötən ilin eyni dövrü ilə müqayisədə «Günay Sığorta» 1 milyon 675 min manat və ya 38% az sığorta haqqı toplayıb.

Bu dövrdə «Günay Sığorta» sığorta hadisələri üzrə 1 milyon 757 min manat sığorta ödənişi edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin sığorta ödənişləri 293 min manat və ya təqribən 20% artıb.

Sığorta haqqı yığımı və ödənişlərdəki dəyişikliklər «Günay sığorta»nın ödəniş yığım nisbətinə (zərərlilik göstəricisinə) də təsirini göstərib. Hazırda şirkət topladığı sığorta haqlarının məbləğinin təqribən 64%-i qədər ödəniş edir. Ölkə üzrə ümumi göstəricinin 30% olduğunu nəzərə alanda «Günay Sığorta»nın zərərliliyi ümumi göstəricilən 2 qat artıqdır.