Fondlara ödənilən ianələr gəlirdən çıxılan xərclərə aid ediləcək?

Prezidentin və hökumətin təşəbbüsü ilə yaradılan fondlara ianələr edən şirkətlərin təklifləri hələ də müzakirə olunmur. Sahibkarlar həmin məbləğlərin gəlirdən çıxılan xərc kimi tanınmasını istəyirlər. Çünki faktiki olaraq “YAŞAT” Fondu, Silahlı Qüvvələrə Yardım Fondu və digər bu kimi mənbələrə köçürülən vəsaitlərə görə əlavə vergi ödəməli olurlar. Bu da şirkətlərin fəaliyyətinə, gəlirlərinə mənfi təsir edir.

Bununla bağlı Vergi Məcəlləsində müəyyən güzəşt nəzərdə tutulsa da faktiki olaraq sahibkarların heç də hamısı bundan yararlana bilmir. Bunun səbəblərini İndex.az-a iqtisadçı Anar Bayramov açıqlayıb. Mütəxəssis Məcəllədə nəzərdə tutulan güzəştlərlə bağlı 3 vacib məqamı vurğulayıb:

“Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində qeyd edilir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Maddədən göründüyü kimi, yeni dəyişikliyə əsasən, vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə  də  2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulub”.

A.Bayramov həmin müddəada yer alan məqamlardan birini açıqlayıb:

“Vəsaitlər Prezident tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilməlidir. Misal üçün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yararlananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) və Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi. Qeyri-hökümət təşkilatları və fiziki şəxslərin şəhid ailələri və qazilərə dəstək məqsədilə yaradılan fondlara ödədiyi məbləğlər Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinin əhatə dairəsinə aid edilmir”.

İkinci məqam ondan ibarətdir ki, həmin fondlara ödənilən vəsaitlər vergi ödəyicisinin mənfəəti hesabına həyata keçirilməlidir:

“Vergi ödəyicisinin ödədiyi məbləğ birbaşa gəlirdən çıxılan xərclərə aid edilmir, müəssisənin mənfəəti olduğu halda müəyyən hissə qədər mənfəət vergisindən azad edilir. Tutaq ki, vergi ödəyicisi 2021-ci ildə “YAŞAT” fonduna 5 000 manat ödəniş edib. Amma 2021-ci vergi ilini zərərlə baş vurub. Vergi ödəyicisi zərərlə işlədiyi üçün fonda ödədiyi 5 000 manat onun vergi öhdəliyinə hər  hansı təsir etmir. Digər hala baxaq. Fərz edək ki, vergi ödəyicisi 2021-ci ili 50 000 manat mənfəətlə baş vurub və “Qarabağ Dirçəliş Fondu”na 7 000 manat nağdsız qaydada ianə edib. Bu məbləğin Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinə əsasən, mənfəətin 10 %-i qədər, yəni, 5 000 manatı mənfəət vergisindən azad ediləcək. Vergi ödəyicisinin mənfəət vergisinə cəlb olunan vəsaiti 45 000 manat (50 000 – 5 000) olacaq. Vergi ödəyicisi 2 000 manatlıq fərqi artıq bölüşdürülməmiş mənfəətdə nəzərə alacaq”.

A.Bayramov digər vacib məqamın güzəştin müddəti ilə bağlı olduğunu deyib:

“Vergi Məcəlləsində dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvədə olsa da, fondlara ödənilən məbləğlər 2021-ci ilin mənfəət vergisində nəzərə alınacaq. Çünki Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində qeyd edilir ki, mənfəət vergisindən azadolma ilə bağlı tələblər 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə qüvvədədir”.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan azadolma yalnız nağdsız qaydada həyata keçilən ödənişlərə şamil edilir.