SİF bu il 44 milyon manat güzəştli kredit verib

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 1 226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib.

İndex.az Fonda istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6 dəfə və 75,5% çoxdur.

1 il əvvəl olduğu kimi, maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 95,4%-i KOB subyektlərinin payına düşüb.

Hesabat dövründə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı 2,5 dəfədən çox artıb. 2022-ci ilin yanvar-may aylarında 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb. 2021-ci ilin eyni dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-may aylarında 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə 40 layihə üzrə 1,1 milyon manat olub. Ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.

2022-ci ilin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 1016 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qadın sahibkarların və gənclərin layihələrinin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Ötən il qadın sahibkarların güzəştli qaydada maliyyələşdirilmiş layihələri hesabına 303, gənc sahibkarların investisiya layihələri üzrə isə 97 yeni iş yerinin yaradılması nəzərdə tutulub.