Qara Dəniz Ticarət və İnkişaf Bankı yenidən manatla istiqraz buraxa bilər

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə də Azərbaycan manatı ilə istiqraz buraxa bilər.

İndex.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bankın baş katibi Aristotelis Spiliots bildirib.

O, bu barədə Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumu çərçivəsində danışıb.

“Bizim üçün Azərbaycanın milli valyutasında istiqraz buraxılışı vacibdir. Hazırda bu istiqamətdə danışıqlar aparılmasa da, gələcəkdə emissiya həyata keçirilə bilər. Bu, bizim planlarımız sırasındadır”, – deyə A.Spiliots qeyd edib.

Xatırladaq ki, QDTİB 2019-cu ilin avqust ayında “Bakı Fond Birjası” QSC-də 10 milyon manatlıq – hər birinin nominal dəyəri 1 000 manat olmaqla 10 min istiqraz yerləşdirib. İstiqrazlara ümumi məbləği 81 milyon manat olan 63 sifariş verilib.

Qiymətli kağızlar 730 gün tədavüldə olub, sahiblərinə illik 9,25 % gəlir gətirib, faizlər rüblük ödənilib.

QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri – Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın yaratdığı beynəlxalq maliyyə kredit təsisatıdır. Nizamnamə kapitalı 3,45 milyard avro olan Bankda Azərbaycan öz payını 2008-ci ildə 2 %-dən 5 %-ə çatdırıb.