“İsgəndər ASA Parking”in 62 minə yaxın vergi borcu yığılıb

Bakıda avtomobillərin parklanma qiymətləri müəyyən olunmasa da, fərdi şəxslərin bu xidmətlə məşğul olması davam edir. Pərakəndə şəkildə reallaşan bu biznes şəhər sakinlərinin ciddi narazılığına səbəb olur. “Parkovşik”lər binaların həyətinə soxulur, hətta piyadalar üçün nəzərdə tutulan səkiləri də zəbt edirlər. Heç birinin də nə iş yeri bəllidir, nə müqaviləsi var, nə də xidməti haqqı…

Baxmayaraq ki, Bakı Nəqliyyat Agentliyi (BNA) az qala hər gün parklanma tariflərinin müəyyən olunmadığını, hələlik bütün parkinqlərin pulsuz olduğunu bəyan edir. Ancaq buna məhəl qoymurlar. Bəzi hallarda isə daha da irəli gedərək parkinq xidmətinə görə çek də təqdim edirlər. Həmin çekə əsasən, bu “xidmət” “İsgəndər ASA Parking” MMC-yə məxsusdur. Ancaq parkinqlərdən əldə edilən vəsaitlərin harada toplanması, vergiyə cəlb edilib-edilməməsi, “parkovşik”lərin əmək müqaviləsinin olması və s. kimi məsələlər hələ də cavabsız qalıb.

İndex.az-ın araşdırmasına görə, “İsgəndər ASA Parking”in dövlət büdcəsinə 61 min 828 manat vergi borcu var. Bütün xidmətləri sual doğuran, demək olar ki, qapalı olan şirkətin həmin borcunun hansı müddətlərdə yarandığını aydınlaşdırmaq mümkün olmayıb.

“İsgəndər ASA Parking” MMC “İsgəndər ASA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Qrupun, eləcə də “İsgəndər ASA Parking” MMC-nin təsisçisi və prezidenti Asəf Qurbanovdur.

Onun və şirkətin adı fəaliyyətə başladığı gündən bir çox qalmaqallarda hallanıb.