Ölkədə bank kartlarının sayı ilk dəfə 12 milyon ədədi keçib

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ilk dəfə 12 milyon ədədi keçib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə may ayında ödəniş kartlarının sayı 118 min ədəd artaraq 12 milyon 19 min ədədə çatıb.

O cümlədən, may ayında sosial kartların sayı 57 min ədəd azalaraq 3 milyon 454 min ədədə düşüb, əməkhaqqı kartlarının sayı 3 min ədəd artaraq 2 milyon 650 min ədədə, digər debet kartlarının sayı 168 min ədəd artaraq 4 milyon 390 min ədəd, kredit kartlarının sayı isə 5 min ədəd artaraq 1 milyon 526 min ədədə yüksəlib.

2022-ci ilin ilk 5 ayında ödəniş kartlarının sayı 979 min ədəd artıb, o cümlədən sosial kartların sayı 15 min ədəd azalıb, əməkhaqqı kartlarının sayı 59 min ədəd, digər debet kartlarının sayı 805 min ədəd, kredit kartlarının sayı isə 131 min ədəd artıb.