Vergi orqanları metal qırıntısı satanların hüquqlarını kobudcasına pozur

Adlarına saxta alış aktları yazılan Bakı sakinlərinin “Baku Steel Company” MMC-ya qarşı məhkəmə davası davam edir. Vətəndaşlar bu dəfə inzibati məhkəməyə müraciət edərək özlərinin xəbəri olmadan adlarına yazılan alış aktlarının və vergi borclarının ləğvini tələb edirlər. Bir müddət əvvəl isə onlar həmin alış aktlarının ləğvi və hesablanan vergi borclarının silinməsi ilə bağlı Prezident İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ediblər.

Bəs alış aktı nə zaman və necə tərtib olunur? Vergi orqanı buna əsasən gəlir vergisi hesablaya bilərmi?

İndex.az-ın suallarını vergi mütəxəssisi Nahid Tağıyev cavablandırıb.

Onun sözlərinə görə, hazırda vergi orqanları alış aktı ilə metal qırıntısı satan şəxsləri sahibkarlıq fəaliyyəti göstərməsi əsası ilə məcburi vergi uçotuna alıb, həmin şəxslərə gəlir vergisi hesablayırlar:

“Qeyd edim ki, vergi orqanının həmin şəxsləri sahibkar kimi qiymətləndirib uçota alması və gəlir vergisi hesablaması vergi qanunvericiliyinə ziddir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5.2-ci maddəsinə əsasən, əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinində isə göstərilib ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir”.

Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2% dərəcə ilə vergi tutulur.

N.Tağıyev bildirib ki, sadalanan normalardan aşağıdakı nəticələr əldə olunur:
1. Metal qırıntısı satan səxslər həmin malları vergi orqanında uçota durmadan, yəni VÖEN almadan sata bilər.
2. Satılan metal qırıntılarının həcmi və dəyəri ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
3. Metal qırıntısı satan və vergi orqanında uçotda olmayan fiziki şəxs malın alıcısına elektron qaimə-faktura və ya hər hansı digər sənəd təqdim etməyə borclu deyil və təqdim edə də bilməz. Həmin əməliyyat malın alıcısı tərəfindən tərtib edilən elektron alış aktı ilə rəsmiləşdirilir.
4. Vergi orqanında uçotda olmayan şəxs tərəfindən satılan metal qırıntısına görə həmin şəxsdən malın dəyərinin 2%-i həcmində vergi, malın alıcısı tərəfindən ödəmə mənbəyində tutulub dövlət büdcəsinə ödənilir.

Göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmayıb. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satıs həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilib.

Həmin şəxslərə gəlir vergisinin hesablanmasına gəlincə, N.Tağıyev bildirin ki, metal qırıntılarının satışı gəlir vərgisindən azad edilib: “Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir gəlir vergisindən azaddır. Gördüyumüz kimi, yalnız qiymətlı metalların satışı gəlir vergisinə cəlb edilir ki, qara və əlvan metal qırıntıları da qiymətli metallar siyahısına daxil deyildir”.

Vergi mütəxəssisi qanunvericiliyin yuxarıda qeyd olunan açıq tələblərinə baxmayaraq, vergi orqanlarının son dövrdə metal qırıntısı satan şəxsləri məcburi uçota alaraq gəlir vergisi hesablamaqla həmin şəxslərin qanunla qorunan hüquqlarını kobud şəkildə pozmağa davam etdiyini vurğulayıb.