“Baku Electronics” vətəndaşı süründürür – ŞİKAYƏT

“Mən 08.03.2020 tarixində 3 illik zəmanətlə “Baku Electronics”dən “Karcher” brendinə aid elektrikli süpürgə almışdım. Zəmanətin bitməsinə 1 il qalmış məhsul xarab oldu. 03.03.2022 tarixində Əhmədli qəsəbəsinin ərazisində yerləşən servislərinə zəmanət talonunu təqdim edib, məhsulu təmirə verdim. 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, məhsulu düzəldə bilmədilər”.

Bunu Abbas Şahbazlı adlı müştəri İndex.az-a açıqlamasında bildirib.

Vətəndaş daha sonra birbaşa “Baku Electronics”in özünə ərizə yazıb. Yazılan ərizəyə də şirkət düz 1 aydan sonra cavab verib. Cavabda qeyd olunur ki, “Baku Electronics” məhsulun 50% ödənişini edə bilər: “Mən də dedim ki, verəcəyiniz pul mənə lazım deyil, məhsulu təmir edin, ya da yenisi ilə əvəz edin. Onlar isə bildirdilər ki, rəhbərliyin qərarıdır, bunu edə bilmərik. Elektronika satışı ilə məşğul olan ölkənin ən böyük şirkəti müştəri məmnuniyyəti ilə zərrə qədər maraqlanmır, üstəlik, servis xidməti heç bir işə yaramır. “Baku Electronics”in etdiyi bu məsuliyətsizlik müştəri haqlarını kobudcasına pozur. “Baku Electronics”dən alınan zəmanətli məhsulların heç də zəmanətli olmadığın bir daha sübut etdilər”.

A. Şahbazlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edib. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırma aparılacaq.