“Avtomobil Yollarının Mühafizə Xidməti”nin vəzifəli şəxsləri sürücüləri bu qəbzlərlə aldadırmış

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinın “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də keçirdiyi əməliyyatın şok təfərrüatları üzə çıxıb.

İndex.az Qaynar.info-ya istinadən xəbər verir ki, MMC-nin vəzifəli şəxslərinin göstərişi ilə respublikanın magistiral yollarında hərəkət edən yük avtomobilləri sürücülərindən qeyri-qanuni vəsaitlər yığılıb. Həmin şəxslər sürücülərinə qeyri-qanuni ödəniş qəbzləri də verib. Bunun əvəzində nəqliyyat vasitələrinin normadan artıq yük daşması hallarına da göz yumulub.

Bəzi icazə vərəqələrini Nazirlər Kabinetinin 104 saylı qərarı ilə Rəqəmsal və İnkişaf Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verməli olduğu halda, “Avtomobil Yollarının Mühafizə Xidməti” qanunsuz olaraq xarici, yerli və tranzit nəqliyyat vasitələrinin sürücülərindən, fiziki və ya hüquqi şəxslərdən 700 manat alaraq icazə vərəqələri tərtib edirmişlər.

Ötən gün DYP KİV vasitəsi ilə yükdaşıma ilə məşğul olanlara xəbərdarlıq edib: “nəqliyyat vasitələrilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır”.