İstifadə etmədiyi nömrəyə görə borc ödəyir, məhkəmə etirazı qəbul etmir

Nərimanov Rayon Məhkəməsi vətəndaşın haqlı etirazını qəbul etməyib və geri göndərib. Məhkəmə müddətin keçməsi ilə bağlı sənədləri əldə etsə də, onları görməzdən gəlir.

Bu barədə İndex.az-a danışan Hacıyev Taleh Böyükağa oğlu məhkəmənin qərarından narazılığını bildirib. Onun sözlərinə görə, istifadə etmədiyi nömrəyə görə adına borc yazılıb və əmr artıq icraya yönəldilib:

“Bu yaxınlarda Nərimanov rayonundan icra məmuru mənə zəng etdi, bildirdi ki, mobil nömrəyə görə Bakcell-ə pul borclusan, ödəməlisən. Bununla bağlı məhkəmə əmri olduğunu dedi. Mənim bundan heç vaxt xəbərim olmayıb. Mən icraçıya müraciət edərək həmin əmri aldım.  Məlum oldu ki, mənə məxsus olmayan və heç vaxt işlətmədiyim nömrəyə görə borc yazıblar”.

Taleh Hacıyev 10 gün ərzində məhkəməyə etiraz müraciətini göndərib. Müraciətdə əmrin ləğv olunamsını və işin iddia icraatına keçirilməsini istəyib. Lakin Nərimanov Rayon Məhkəməsi bu qənaətə gəlib ki, vətəndaş iddia müddətini vaxtında vermədiyi üçün etirazı geri qaytarılsın. Qərardada hakim Aytən Novruzova imza atıb.

Problemin kökündə  isə vətəndaşın yaşadığı ünvandan köçürülməsi durur. Belə ki, T.Hacıyev əvvəllər Nərimanov rayonu ərazisində yerləşən “205-ci məhəllə” adlanan ərazidə yaşayıb və orada qeydiyyatda olub. Sonradan yol çəkilişi ilə əlaqədar həmin ərazidə yaşayan sakinlərə kompensasiya ödənilərək köçürülüb, evlər isə sökülüb. Sözügedən məhkəmə əmri isə bundna sonra – 2018-ci ildə qəbul olunub. Onlar yaşadıqları ünvana əmr göndərilsə də məktubun üzərinə “köçüb” qeydi yazılaraq geri qaytarılıb, ünvana qəbul  edilməyib. Bu səbəbdən də 4 ildir T.Hacıyevin həmin əmrdən xəbəri olmayıb. Qeyd edək ki, T.Hacıyev 2017-2020-ci illər ərzində ölkədə olmayıb. Sonradan yaşayış yerini də dəyişib. Faktiki olaraq, əmr ona çatmayıb. Bütün bunları məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərsə də nəzərə alınmayıb.

Hazırda qüvvədə olan Mülki-Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

Qanunvericiliyin tələbini izah edən hüquqşünas Səbuhi Axundov İndex.az-a açıqlamasında T.Hacıyevin əmrdən etiraz etmək hüququ olduğunu bildirib:

“Qanuna görə, vətəndaş əmri qəbul etdikdən sonra 10 gün müddətində etiraz edə bilər. Baxmayaraq ki, məhkəmə əmri 2018-ci ildə çıxarılıb. Taleh Hacıyev bu sənədi təzə alıb. Ona görə indi etiraz edib. Bu halda hakim icraatı dəyişdirərək iddia icratına keçməlidir və tərəfləri çağırıb çəkişməyə keçməlidir. Əmr icraatında çəkişmə yoxdu. Yalnız qarşı tərəfin verdiyi ərizə əsasında əmr icraatına baxılır və əmr verilir. Amma qarşı tərəfin etirazı varsa, vətəndaş əmrdən etiraz verir.  Bundan sonra  həmin məsələ iddia icratına qəbul olunur və tərəflər dəvət olunur. Hər kəs öz sübutlarını təqdim edir. Nəticədə məhkəmə qərar çıxarmalıdır”.

Onu da deyək ki, Mülki-Prosessual Məcəllənin həmin tələbi, eləcə də vətəndaşın köçməsi ilə əlaqədar ona məktubun çatmaması kimi hallar son qərardadda əksini tapıb. Lakin hakim bütün bunları görməzdən gələrək yenidən şikayət ərizəsini geri göndərib. Burada məhkəmənin maraqları sual doğurur.