Azərbaycandakı məşhur otellərin sahibləri kimdir? – SİYAHI

Açıqlanan sonuncu rəsmi məlumata görə, Azərbaycanda 655 mehmanxana (otel) və mehmanxana tipli müəssisə var.

İndex.az dünyanın ən məşhur onlayn otel bronlama sistemi olan “Booking.com”a istinadən bildirir ki, Azərbaycandakı otellərin 90-ı “5 ulduz” statusu daşıyır.

Bu otellər arasında otaq sayına görə daha böyük olanların sahiblərini təqdim edirik.

Hazırda otaq sayına görə Azərbaycanın ən böyük otellərindən biri “Hilton Bakı”dır.

25 mərtəbəli oteldə 309 otaq var. 2011-ci ildə “Hilton Bakı”nın rəsmi açılışı olub. “Hilton Bakı” məşhur azərbaycanlı iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR” Şirkətlər Qrupu və “Hilton Worldwide” şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunub.

Məlumat üçün qeyd edək ki, məşhur iş adamı 1955-ci ildə Bakıda anadan olub. 1988-ci ildən 1991-ci ilə qədər “LUKoyl” şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə “LUKoyl – Azərbaycan” Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər “LUKoyl – Türkiyə” nümayəndəliyi İdarə Heyətinin rəhbəri olub.

Hazırda İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovun rəhbərlik etdiyi “İSR Holdinq”in rəsmi saytında qeyd olunur ki, şirkət 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.

Holdinq öz müəssisələri ilə yanaşı, “Park Inn by Radisson”, “Hilton”, “Toyota”, “Lexus”, “Zara”, “Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.

Qeyd etdiyimiz kimi ölkənin ən böyük otellərindən biri olan (248 otaq) “Park Inn” oteli də İsgəndər Xəlilova məxsusdur.

280 otaqdan ibarət olan “Pullman Bakı” oteli də 2011-ci ildə istifadəyə verilib.

Otelin keçmiş adı “Kempinski Badamdar” olub. Dünyada məşhur otellər şəbəkəsinə sahib olan “Kempinski Hotels S.A” şirkəti ilə vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus “Gilan Holdinq” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa olunub. Otelin tikintisini “Gilan Tikinti” şirkəti həyata keçirib.

Onu da bildirək ki, hazırda “Gilan Holdinq”in rəsmi veb-saytında şirkətlər qrupuna daxil olan çoxsaylı otelin adı çəkilir. Bunların arasında “Gilan”, “Qafqaz Baku City Hotel and Residences”, “Qafqaz Park Hotel”, “Qafqaz Resort Hotel”, “Qafqaz Point Hotel”, “Qafqaz Riverside Hotel”, “Qafqaz Sport Hotel” və “Qafqaz Sahil Hotel”də yer alıb. Bu otellərdən biri – “Qafqaz  Baku City Hotel and Residences” oteli bu yaxınlarda 72 milyon 750 min manata satışa çıxarılıb.

Keçmiş “Abşeron” mehmanxanasının yerində fəaliyyət göstərən “JW Marriott Absheron Baku Hotel”i  məşhur “Marriott” otellər şəbəkəsilə ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” arasında imazalanan müqavilə əsasında açılıb.
2012-ci ildə rəsmi açılışı olan və 243 otaqdan ibarət olan “JW Marriott Absheron Baku Hotel” “Paşa Holdinq”ə bağlı olan “Abşeron Hotel Qrup” MMC tərəfindən idarə olunur. “Abşeron Hotel Qrup” MMC-nin idarə etdiyi otellər arasında – “Four Seasons Baku”, “The Ritz-Carlton, Baku”, “Sheraton Baku Intourist”, “Courtyard by Marriott Baku”, “Pik Palace”, “Shahdag”, “Dinamo Hotel Baku”, “The Merchant Baku”, “Bilgah Beach Hotel”, “Boutique 19 Hotel”, “Art Gallery Hotel” də yer almaqdadır.

“Paşa Holdinq”in rəsmi veb-saytında göstərilir ki, hazırda Holdinqə Mir Camal Paşayev (Direktorlar Şurasının sədr müavini) rəhbərlik edir. Mir Camal Paşayev məşhur Azərbaycan yazıçısı Mircəlal Paşayevin nəvəsi, ADA Universitetinin rektoru Hafiz Paşayevin oğludur.

Onu da əlavə edək ki, “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti ev 153-də yerləşən “PMD Group” MMC-də çoxsaylı otellərin idarəçiliyini həyata keçirir. Bu otellərin arasında  “Dalga Beach Aquapark Resort”, “Garabag Resort & Spa”, “Gashalti Health Hotel Naftalan”, “Lankaran Springs Wellness Resort”, “Qalaalti Hotel & Spa”, “Shamakhi Palace Sharadil” “Chinar Hotel & Spa Naftalan”, “Excelsior Hotel” də var.

Bakıda tikilməkdə olan nəhəng otellərdən biri də “The Crescent Hotel” olacaq. Dənizkənarı bulvarda inşa olunan aypara formasındakı göydələn kompleksində yerləşəcək otel ilə bağlı diqqət çəkən məqam isə odur ki, “Paşa Holdinq” şirkəti bu otelin onlara məxsus layihə olduğunu açıqlayıb. Dövlət Arxitektutra Komitəsi isə açıqlanan rəsmi sənədlərdə bu layihənin sifarişçisi kimi “Gilan Holdinq” şirkətinin adını qeyd edib.

Mənbə – Yeniavaz