Naxçıvan reysi ilə bağlı narazılıq artır

Azərbaycan Hava Yolları şirkəti (AZAL) cümə axşamı günü açıqlayıb ki, bundan sonra Bakı-Naxçıvan reysinə biletlərin satışı onlayn həyata keçiriləcək.

AZAL-ın Bakıdakı satış ofisinin qarşısında növbəyə duran şəxslərdən bəziləri isə deyirlər ki, istər onlayn olsun, istərsə də kassada satsın, “bilet yoxdursa, nə alacaqlar?”

Şirkətin Səbail rayonunun Nizami küçəsindəki satış ofisinin qarşısına toplaşanlar BBC News Azərbaycancaya Bakı-Naxçıvan reysinə bilet tapa bilmədiklərindən şikayətlənirlər.

Bəziləri bilet çatışmazlığını quru yolların bağlı olması ilə əlaqələndirir. Onlar deyirlər ki, yeganə açıq olan quru sərhəd Naxçıvan üzərindən mövcud olduğundan Naxçıvan reyslərinə tələbatı artırıb.

Digərləri isə deyirlər ki, biletlər turizm şirkətlərinə satıldığından kassalardan bilet ala bilmirlər. AZAL Naxçıvana biletlərin turizm şirkətlərinə satması ilə bağlı məlumatı təkzib edib.

Covid-19 pandemiyası başladıqdan sonra Naxçıvan-İğdır sərhədi istisna olmaqla, Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini bağlayıb.

“Quru yollar bağlı olduğundan…”

AZAL-ın satış ofisinin qarşısı tünlükdür. Bura toplaşan və bilet almaq üçün növbə gözləyənlərin bəziləri ilə söhbətdən aydın olur ki, əksəriyyət Naxçıvandan tranzit kimi istifadə edir.

Toplaşanlar arasında Azərbaycan Tibb Universitetinin türkiyəli tələbələri də var. Bir kənarda oturaraq əlüstü nahar edən tələbələr bilet almağa tələssələr də, saatlardır burada növbədə dayandıqlarını deyirlər.

Tələbə Zeynep Görnü deyir ki, quru yollar bağlı olduğundan hava nəqliyyatı ilə birbaşa Türkiyəyə uçmaq baha başa gəldiyindən çox adam Naxçıvana uçub ordan da Türkiyəyə gedirlər.

“İyulun 4-nə bilet almaq istəyirəm. Ancaq deyirlər ki, ayın 5-dən tez bilet yoxdur. Bilirsinizmi, “Tibb”-dir, “Pedaqoji”dir, bu universitetlərdə çoxlu türkiyəli tələbə təhsil alır. Bu tələbələrin azı yarısı hər il evinə gedir. Bakıdan uçmaq çox baha olduğundan, Naxçıvandan uçuruq. Bununla belə, azı 150 manatımız çıxır. Heç olmasa, əlavə reyslər açsınlar. Günlərlə bilet axtarmayaq”.

Biletlərin qiymətindən, tələbələrə heç bir endirim tətbiq edilməməsindən şikayətçi olan Zeynep Görnü biletlərin xarici tələbələrə daha da baha satıldığını iddia edir.

“Mən bir gün də artıq qalmaq istəmirəm burada. Çünki 100 tl 10 manatdır. Hər qaldığım gün artıq xərcdir”, – Zeynəb vurğulayır.

Ofisdən çıxa-çıxa telefonda kiməsə “ala bilmədim, ayın 4-dən tez bilet yoxdur” deyən 50 yaşlarında bir kişiyə yaxınlaşırıq. Saatlardır növbədə gözlədiyini deyən Azərbaycan vətəndaşının növbəsi 650-700 arasındaymış. Başqa bir şəxs işi çıxdığından öz növbəsini – 550-ci yeri ona verib gedib deyə içəri daha tez girə bilsə də,  bilet ala bilməməyindən təəssüflənib.

Naxçıvana biletlər niyə bahalaşdı?

“İldə bircə dəfə Naxçıvana gedə bilirəm, çünki biletlər bahadır. İndi də deyirlər ki, bilet yoxdur. Bizə dedilər ki, sabahdan ofisə yaxınlaşmayın, gedin özünüz onlayn alın”. Bilet yoxdursa, mən onlayn bileti necə alacağam?” – müsabimiz deyir.

O, biletin qiymətinin bahalanmasından da şikayətlənir:  “Ailəlikcə gedəsiyik. 500-600 manat pul edir. Mən hardan alım o qədər pulu? Çoxdur axı. Hələ 50 manata zorla alırdıq, indi artırıb 60 ediblər”, – vətəndaş deyir.

İyunun 7-də Azərbaycan vətəndaşları üçün Bakı ilə Naxçıvan arasındakı hava reyslərinə biletin qiyməti 60 manat olub, AZAL şirkətindən bildiriblər. Buna qədər bileti 50 manata almaq olardı.

Qiymət artımının səbəbi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara görə, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı” hava xətti üçün 6 iyundan güzəşt məbləği iki dəfə azaldılaraq, 20 manatdan 10 manata endirilməsi olub.

Xüsusi kateqoriyaya daxil olan Azərbaycan vətəndaşları üçün güzəşt qüvvəsində qalıb və onlar üçün bilet 50 manatdır. Əcnəbilər üçün isə qiymət dəyişməz qalıb: 70 manat.

“Tək yol Naxçıvandandır. O da belə”

Satış ofisindən çıxan 20 yaşlarında Naxçıvan sakini, Bakıda təhsil alan bir tələbə qız isə gərgin görünür. O da bilet ala bilməyənlərdəndir: “Ayın 22-nə bilet istədim dedilər ki, yoxdur. Sonra da dedilər ki, gedin onlayn baxıb alın. Mən həmişə belə almışam. İndi bilmirəm onlayn necə alım? Görüm, kim mənə onlayn bilet ala biləcək”.

İldə iki dəfə Naxçıvana ailəsinin yanına getdiyini deyən tələbə bilet qiymətlərindən də şikayətçidir.  “Bahadır da. Əlbəttə ki, çətindir. Biletimi valideynlərim alır. Nələrdənsə kəsirlər ki, mənə bilet alsınlar, evə gedə bilim,” – tələbə vurğulayır.

BBC-yə danışan tələbə qızlardan biri xatırlayır ki, bir-iki il əvvəl də belə halla qarşılaşıb. Onun sözlərinə görə, yayda Bakıda oxuyan tələbələr evlərinə qayıtdığından Naxçıvana bilet tapmaq çətin olurdu, indi isə üstəlik, Naxçıvandan tranzit kimi istifadə edənlər tələbatı lap artırıb.

Bilet almağa çalışanlar arasında Türkiyə vətəndaşı ilə evli olan bir xanım da var. O deyir ki, həyat yoldaşına görə Türkiyəyə tez-tez getməli olur: “Ona görə də ucuz olsun deyə, Naxçıvan üzərindən gedirik. Yolları açsalar, Gürcüstandan maşınla da  gedərik. Bakıdan uçmaq da çox baha başa gəlir. Tək yol Naxçıvandandır. O da belə”.

BBC AZAL-ın saytında Bakı-Naxçıvan və  Naxçıvan-Bakı reyslərini araşdırıb. Bakı-Naxçıvan reysi üçün iyunun 16, 17 və 18-də heç bir reysə bilet yoxdur, iyulun 5-nə kimi isə yalnız axşam reyslərinə bilet olduğu görünür.

AZAL-ın adını söyləmək istəməyən bir əməkdaşı BBC-yə bildirib ki, bu gün yaxınlaşanlar yalnız iyulun 5-dən sonraya bilet əldə edə bilərlər. Sabahdan isə əhaliyə satış ofislərində bilet satılmayacaq. İstəyənlər onlayn bilet almalıdırlar”.

Türkiyə: “Naxçıvandan gələnlərin sayı artıb”

Azərbaycan Covid-19 pandemiyası başladıqdan sonra qonşu ölkələrlə quru sərhədlərini bağlayıb. Hazırda quru yolla yalnız Sədərək – Dilucu  (Naxçıvan-İğdır) sərhəd-keçid məntəqəsindən ölkəyə giriş-çıxış etmək mümkündür.

Dilucu sərhəd-keçid məntəqəsindən BBC-yə bildiriblər ki, iyunda indiyə kimi keçid məntəqəsindən istifadə edənlərin sayı iki mini ötüb: “Ayın 15-nə olan statistikaya görə, iyunda bu keçid məntəqəsindən “2180-dən çox giriş, 2042 çıxış olub”.

Məntəqə əməkdaşı bu ilin yanvar ayının əvvəlindəki rəqəmlərlə indikini müqayisə edərək deyir ki, həmin günlərdə giriş-çıxış “500 civarında” olub.

“Biletlərin turizm şirkətlərinə satılmasıyla bağlı şikayət var”

Millət vəkili Fazil Mustafa BBC News Azərbaycancaya deyir ki, Naxçıvana bilet çatışmazlığı bilet qiymətlərinin “süni surətdə bahalaşması” və “biletlərin turizm şirkətlərinə süni surətdə” satılması ilə əlaqəlidir.

“Bununla da əhali bundan istifadə edə bilmir. Ancaq bir ay sonraya bilet almaq imkanı var. İndi də onlayn bilet satışını qoyublar. Xeyli sayda insan var ki, onlayn qaydada bilet ala bilmirlər. Təqaüdçülərdir, yoxsul insanlardır, eləsi var internet problemi var. Ona görə də bu məsələdə böyük sıxıntı yaşanır”.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC-yə təmsil etdiyi qurumun biletləri turizm şirkətlərinə satması ilə bağlı məlumatın “yanlış olduğunu” deyib.

Fazil Mustafa hesab edir ki, problemin aradan qaldırılması üçün təyyarələrin sayı artırılmalıdır. Onun sözlərinə görə, Bakıdan Türkiyəyə bilet qiymətlərinin baha olması da problemi bir qədər artırır.

“Digər ölkələrə, xüsusilə Türkiyəyə təyyarə biletlərinin baha olması hamını məcbur edir ki, Naxçıvan üzərindən İğdır yolu ilə gəlib keçsinlər. Yəni, təyyarələri başqa məqsədlərlə istifadə edən şəxslərin çoxluğundan yerli əhali böyük əziyyət çəkir. Bilet tapa bilmir. Bu problem də birbaşa AZAL-ın qiymətləri qaldırması ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanda təyyarə bileti qiymətləri digər qonşu ölkələrlə müqayisədə bir neçə dəfə bahadır”.

Fazil Mustafa deyir ki, AZAL-dan onların sualına qaneedici cavab yoxdur: “Qaneedici cavab yoxdur, bir də əslində məsuliyyət yoxdur. Bu qurumların vətəndaşa qarşı daha məsuliyyətli davranmasını tələb edəcəyik”.

Fazil Mustafa deyir ki, bu problemlərin daha qabarıq şəkildə gündəmə gəlməsinin əsas səbəblərindən biri də quru yollarının açılmamasıdır: “Quru yolu açılsa heç bu qədər gərginlik olmaz”.

Millət vəkili pandemiyanın təsirlərinin azaldığını, hər hansı təhlükənin olmadığını vurğulayır və ümid edir ki, quru sərhədlər gələn ay açılacaq.

Azərbaycan hökuməti pandemiyaya görə karantin rejimini iyulun 1-nə kimi uzadıb. Bu rejimdə demək olar ki, bir çox məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədlər, Naxçıcan-Türkiyə istisna olmaqla, hələ də bağlıdır.

Bundan sonra biletləri necə almaq olar?

Cümə axşamı günü “Azərbaycan Hava Yolları” aviaşirkəti “Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytından – www.azal.az -dan ala biləcəklərini” açıqlayıb.

Şirkət bu qərarı “AZAL-ın kassalarında yaranan uzun növbələrin azaldılması, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək etməsi” ilə əlaqələndirib.

“Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq”, – məlumatda deyilir.

AZAL həmçinin bildirib ki, qeyd edilən reyslərdə “18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə” endirim nəzərdə tutulub.

AZAL sözçüsü Paşa Kəsəmənski deyir ki, bu kateqoriyalardan olan sərnişinlər güzəştli biletləri yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarından müvafiq sənədləri təqdim etməklə ala bilərlər”.