Cari hesablarda aparılan əməliyyatların 73%-i elektron bankçılığın payına düşüb

2021-ci ildə müştərilərin cari hesablarında aparılan əməliyyatlatın 73%-i elektron bankçılığın payına düşür.

İndex.az xəbər verir ki, bunu “Fintex Sammit” Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bildirib.

R.Qasımov Azərbaycanda nağdsız ödənişlərlə bağlı hazırkı durumu şərh edərkən bildirib ki:

“Ötən il ödəniş kartları vasitəsilə ölkə daxilində həyata keçirilən əməliyyatların ümumilikdə 32 %-i nağdsız dövriyyənin payına düşüb. Bu ilin ilk 5 ayı ərzində isə bu göstərici artıq 40 %-i ötüb. Azərbaycanın ödəniş bazarı üçün bu yüksək nəticədir. Bunun arxasında həm əhalinin nağdsız ödənişlərə marağının yüksək olması, həm də bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər dayanır. Hazırda xüsusilə təmassız ödənişlərdən istifadə olunur ki, bu da pandemiya dövründə əhalidə yaranmış vərdişlərdəndir. 2021-ci ildə ödəniş kartları ilə həyata keçirilən təmassız ödənişlərin həcmi 2,6 milyard manata bərabər olub. Cari ilin 5 ayı ərzində isə pos-terminallar üzərindən qəbul edilən ödənişlərin 88 %-i məhz təmassız vasitələrlə qəbul edilib.

Təbii ki, burada innovativ həllərin də təsiri böyükdür. Bildiyiniz kimi, ötən il Azərbaycanda “Apple Pay” ödəniş həllinin istifadəyə verilməsi, smart saatlardan və digər qacetlərdən istifadə ilə ödənişlərin təmassız formada aparılmasına imkan verən həllərin artması bu sahəyə olan marağı da artırmaqdadır”.

R.Qasımov mobil və internet bankçılıq üzərindən həyata keçirilən əməliyyatlarda xüsusi artım müşahidə olunduğunu vurğulayıb: “Son beş il ərzində həm internet bankçılıq, həm də mobil bankçılıq üzrə ödənişlər kəskin şəkildə artıb. Bu isə kağız daşıyıcılarla aparılan əməliyyatların həcminin kəskin şəkildə aşağı düşməsinə səbəb olub”.

Onun sözlərinə görə, AMB tərəfindən 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyası hazırlanıb: “Bu strategiyanın əsas 5istiqaməti mövcuddur ki, bu istiqamətlər də ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsi, rəqəmsal ödəniş infrastrukturunun əhatəliliyinin genişləndirilməsi, nəzarət və risk əsaslı tənzimləmə çərçivəsinin müəyyən edilməsi, əhalinin maliyyə savadlılığının artırılması və biznes subyektlərinin və eləcə də əhalinin rəqəmsal ödəniş həllərindən istifadəyə təşviqidir.

İlkin olaraq Mərkəzi Bank bazarda tənzimləyici qurum funksiyasını həyata keçirir. Bu məqsədlə də ilkin olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamətlər arasında yer alır. Buna görə də strategiyamızın ilkin istiqaməti məhz budur”.