“Büdcəyə baxılarkən bütün təbəqələri əhatə edəcək kompleks tədbirlər düşünülməlidir”

“Qlobal səviyyədə inflyasiyanın artması fonunda yaranan problemin ağırlığını vətəndaşların çiynində saxlamaq olmaz. Artan xərclərin az təminatlı insanlara əzici təsirlərini azaltmaq üçün dövlətin mövcud maliyyə resurslarından təcili istifadə etmək lazımdır”.

Bunu iqtisadçı Eldəniz Əmirov dövlət büdcəsinə yenidən baxılması ilə bağlı fikirlərini İndex.az-la bölüşərkən səsləndirib.  Əlavə edib ki, ölkə başçısının 2022-prosesi daha da surətləndirib:

“Bu ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürüldüyü halda son aylarda neftin 100 dollardan baha satılması büdcəyə yenidən baxılması üçün əlavə fürsətlər yaradır. Amma bu, mütləq həmin fürsətin  istifadə olunacağı anlamına gəlmir. Yəni, neft baha satılsa da bu, valyuta ehtiyatlarının formalaşmasına xidmət edə bilərdi və büdcəyə yenidən baxılmasına ehtiyac olmazdı. İnflyasiyanın kəskin artdığı şəraitdə aztəminatlı ailələrin xərclərinin artması və sosial təminatlarının ödənilməsi istiqamətində müəyyən problemlərin yaşanması məhz ehtiyatlardan istifadə edərək büdcəyə yenidən baxılmasını zəruri edirdi. Düşünürəm ki, müsbət təşəbbüsdür. Buna insanların ehtiyacı var”.

Ötən ilin dekabrından başlayaraq müxtəlif  dövlət qurumlarında çalışan insanların əməkhaqlarının artırılması ilə bağlı ardıcıl fərmanları xatırladan E.Əmirov bununla kifayət qədər insanın əməkhaqlarında 20%-dən artıq artım olduğunu deyib.  Lakin   dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmayan, ümumiyyətlə, aylıq məvacibi olmayan kifayət qədər vətəndaşların olduğunu xatırladıb:

“Bir qrup vətəndaşlar gündəlik qazanc əldə etməklə yaşayırlar. Ona görə də məhz büdcəyə baxarkən belə, yalnız büdcə təşkilatlarından əməkhaqqı alan insanların deyil, eyni zamanda oradan əməkhaqqı almayan insanların sosial vəziyyətinin nəzərə alınmasına yönələn addımlara da ehtiyac vardır.  Bunlar günəmuzd işləyən insanlar, heç bir yerdən əməkhaqqı almayan ailələr, pensiyaçı, əlilliyi olan şəxslərdir. Yəni, bütün təbəqələri əhatə edəcək kompleks tədbirlər, xüsusilə, əməkhaqqı az olan və ümumiyyətlə, əməkhaqqısı olmayan insanların iqtisadi altivliyinin təmin olunmasına yönəlik tədbirlər düşünmək lazımdır”.

E.Əmirovun fikrincə, aztəminatlı ailələrə yönələn tədbirlər müəyyən dəstək paketləri, birdəfəlik və ya aylıq ödənişlər formasında icra oluna bilər. Bunu detallı müzakirə edib ayrılacaq vəsaitin həcminə uyğun olaraq qərar qəbul edilməsini məqsədəuyğun sayıb:

“Dövlət büdcəsinə yenidən baxılarkən nə qədər əlavə vəsaitin cəlb edilməsini dəqiqləşdirmək lazımdır. Bu vəsaitin ən optimal formada hansı istiqamətlərdə yönəldilməsi müzakirə oluna bilər. Azərbaycanda son ayda orta aylıq əməkhaqqı 824 manat olub. Rəsmi statistikaya əsasən, əməkhaqları 14,1% faiz, ərzaq məhsullarının dəyəri isə 20%-dən də çox artıb. Real göstəricilər bundan daha çoxdur. Ona görə də əhalinin aztəminatlı təbəqəsinə daha çox dəstək göstərilməsinə ehtiyac vardır”.

İqtisadçı büdcəyə ediləcək dəyişiklik nəticəsində inflyasiyanın   vətəndaşlara yaratdığı mənfi təsirlərə nisbətən adekvat olacağına ümidini ifadə edib. Buna real maliyyə imkanlarının mövcud olduğunu qeyd edib:

“Təkcə bu ilin yanvar-may aylarında qaz gəlirləridə ötən illə müqayisədə təxmini 900%-lik bir artım müşahidə edilib. Neft hasilatı isə 3,4% azalmasına  rəğmən gəlirləri ötən ilin eyni dövr göstəricilərinin 200%-dən çox  artığını təşkil edib. Deməli, mövcüd valyuta ehtiyatlarını əritmədən cari il üzrə formalaşan gəlirlərin müəyyən hissəsini böhranlı iqtisadi vəziyyətin idarə olunmasına yönəltmək hazırda ən doğru addım olardı”.