Məzunlar niyə iş tapa bilmir? – MÜSAHİBƏ

Universitetdən yeni məzun olan şəxslərin iş tapmağında kifayət qədər problemlər mövcuddur. Onlar iş tapa bilməməkdən gileylənir, bu məsələdə müəssisələri, iş adamlarını təqsirkar görürlər. Bəs əslində gənclərin iş tapa bilməməsinin səbəbləri nələrdir? Onlara əmək bazarının tələbləri nə dərəcədə öyrədilir?

İndex.az-ın bu və digər suallarını insan resursları üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb:

  • Nüsrət bəy, bu gün ali məktəbi bitirən məzunlar əmək bazarının tələblərinə uyğun hazırlanırmı?

 

  • Həyatımızın hər mərhələsinə öz ciddi təsirini göstərən texnoloji proseslərin sürətli inkişafı, eyni zamanda əmək bazarında da yeni tendensiyaların ortaya çıxmasına səbəb olub. Bu baxımdan təhsil ocaqları tədris proqramında dəyişən dövrün tələblərinə uyğun müvafiq yenilənmələrini tətbiq etməlidirlər. Təhsil müəssisələri əmək bazarında yeni tələblər əsasında təşəkkül tapmış peşə və ixtisaslara uyğun yeni ixtisasların əlavə edilməsi, aktuallığını itirmiş ixtisasların ləğv edilməsi və ya uyğun ixtisasla birləşdirilməsi istiqamətində addımlar atmalıdır. Ancaq bu istiqamətdə görülən işlərin hansı intensivlikdə baş verməsi sual doğurur.

 

  • Tələbələr karyera planlaması edə bilirlərmi?

 

  • Tələbələrin məzun olduqdan sonra iş tapa bilməməklərinin əsas səbəblərindən biri də onların əksər hallarda karyera hədəflərinin olmamasıdır. 4 il dərsə gəlir-gedir. Ən yaxşı halda universitetin ona verdiyi təhsillə kifayətlənir və məzun olduqdan sonra hansı işdə işləyəcəyini və işə necə qəbul olacağını bilmir. Halbuki, orta məktəb illərindən, ən geci universitet illərindən karyera planlaması edilməli və seçilmiş bu hədəf istiqamətində real addımlar atılmalıdır. Mən kim olacam? Bu hədəf istiqamətində nələri bilməliyəm? Bu hədəfə çatmaq üçün təhsildən əlavə seminar kurslara gedilməli, əmək bazarının tələblərinə uyğun yeniliklərin tətbiqi, iş prosesi ilə fərdi əlaqələrin qurulması vacibdir.

 

  • Bəs bu günkü məzunlar əmək bazarının tələblərinə cavab verirmi?

 

  • Əksər hallarda yeni məzun olmuş şəxs bir müddət karyersına hardan və necə başlamalı olduğu haqqında zəruri məlumatlara sahib olmur və bunun əldə edilməsi üçün məzun olduqdan sonra kifayət qədər əziyyət çəkirlər. Tələbələr əmək bazarında çətinliklə üzləşməmək üçün tələbəlik illərində araşdırma aparmalı, müxtəlif kanallar vasitəsilə zəruri biliklərə yiyələnməli və müəyyən təcrübə əldə etməyə can atmalıdırlar. Bu da təbii ki, yuxarıda qeyd etdiyimiz karyera planlamasının olması halında mümkündür. Əksər təhsil müəssisələrində insan resusrları fənni tədris olunsa da, müəyyən istisnalar xaricində universitetlərdə işə müraciət olunması forması, işə müraciət blanklarının (CV) doldurulması qaydları, əmək bazarı, əmək bazarının dəyişən tələbləri, müsahibə prosesi, müsahibədə geyim, davranış qaydaları v.s haqqında zəruri məlumatlar verilmir. Bir tələbə üçün insan resurslarının tarixi inkişafı və formalaşma mərhələsindən daha çox yuxarıda qeyd etdiyim sahələr maraqlı və faydalıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, əksər hallarda yeni məzun olmuş şəxs elementar CV hazırlanması haqqında təsəvvürlərə sahib olmur və sonra da işə qəbul olmamasından şikayətlənir. Göndərilən əksər CV-lər orfoqrafik səhvlər, məzmun səhvləri və digər səhvlər baxımından namizəd haqqında müsbət fikir formalaşdırmır.

 

  • Bu gün əksər iş elanlarına nəzər saldıqda vəzifəyə dair tələblərdə xarici dil biliklərinin, xüsusilə də ingilis və rus dillərinin bilməsi tələb olunur. Siczə bütün ixtisaslarda buna ehtiyac varmı?

 

  • Xarici dil məsələsinə iki aspektdən baxmaq olar. Birincisi, etiraf etmək lazımdır ki, xarici dil tələbi qeyd olunan vakansiyalarda heç də həmişə vacib olmur. Bunun təcrübədə şahidi olmuşam. Şirkətlərin birində xarici dil biliyinin olması “şirkətdaxili istifadə dili”nin xarici dil olması idi. Yəni, orda əməkdaşlar bir-biri və rəhbərləri ilə xarici dildə ünsiyyət qurduqları üçün verilən iş elanlarının tələblərində də xarici dil biliyi tələb edirdilər. Əlbəttə ki, bu, doğru deyil. İkinci məsələ, qəbul etmək lazımdır ki, dövr dəyişib, proseslər inkişaf edir, rəqəmsallaşır. Bu o deməkdir ki, müəssisələrin beynəlxalq əlaqələri və texnoloji proseslərin duyulması baxımından xarici dil bir çox hallarda zərurətə çevrilir. Müəyyən ədəbiyyatların öyrənilməsi, beynəlxalq əlaqələrin inkişaf etditilməsi və xarici müştərilərə xidmət göstərilməsi və.s bu kimi hallar xarici dilin işə qəbul elanlarında vacibliyini zəruri edir.

 

  • Eyni zamanda vanaksiyalarda yeni məzun olan şəxslərdən təcrübə tələb olunur.

 

  • Məzunların universiteti bitirdikdən sonra iş tapa bilməməklərinə əsas gətirdiyi səbəblərdən biri də iş elanlarında iş təcrübəsinin tələb edilməsidir. Doğrudur, əksər iş elanlarında müəyyən iş təcrübəsi tələb edilir, amma təcrübə tələb edilməyən iş elanları da az deyil. Etiraf etmək lazımdır ki, işəgötürən pul verən tərəfdir və ona görə də verdiyi pulun müqabilində işə götürdüyü işçinin ixtisaslı və təcrübəli olmasını arzu edir. Hər birimiz pul verdiyimiz hansısa xidmətin qarşılığında ən yaxşısını istəyirik. Təcrübəsiz əməkdaşların işə götürülməsi işəgötürən üçün müəyyən risklər ehtiva edir. Belə ki, kadr hazırlığı çətin proses olmaqla yanaşı, eyni zamanda ciddi xərc tələb edən prosesdir. Bu prosesə maddi və digər resurs cəlb edərək kadrların hazırlığı ilə məşğul olan müəssisə isə bir müddət sonra həmin işçilərin artıq özlərini ixtisaslı kadr hesab etməsini düşünərək işi tərk etməsi səbəbindən bir növ məktəb rolunu oynayaraq kifayət qədər geri düşür. Düzdür, işçilərin bu şəkildə hazırlanıb təcrübə əldə etdikdən sonra işdən çıxmaqlarının qarşısını hüquqi müqavilələrlə almaq olar. Amma, artıq getmək barədə düşünən bir işçinin özünü məcbur hiss edərək işdə qalması faydalı iş əmsalını ciddi şəkildə aşağı salacaq, eləcə də iş yerindəki korporativ mühiti ciddi şəkildə korlayacaq.

 

  • Bəs nə təklif edirsiz? Bu problemlərdən çıxış yolları nələrdir?

 

  • Düşünürəm ki, artıq tədris prosesinin yenilənməsinin vaxtı çatıb, hətta vaxtından keçib. Çünki, universitet təhsilindən tələbələrin gözlədiyi təməl məqsəd onların iş həyatına inteqrasiya olunmasına dəstək verməsidir. 4 il ərzində müəyyən mənada ehtiyac olmayan fənnlərin də tədris edilməsi ilə tələbə nəticədə əmək bazarının tələblərinə cavab vermir. Ya ixtisası ilə əlaqəsiz bir işlə məşğul olmalı olur, ya da hədəfinə doğru karyera planı quraraq əziyyət çəkərək hansısa bir işə hazırlaşır.

 

İş dünyası ilə əlaqələrin qurulması və iş dünyasının tələblərinə uyğun kadrların hazırlanması baxımdan ortaq koordinasiya mərkəzlərinin qurulmasına gərək vardır. Universitet məzunlarının məzun olduqdan sonra iş dünyasındakı fəaliyyəti haqqında statistik məlumatlar hazırlamalı, eyni zamanda əmək bazarının dəyişən tələblərinə uyğun tədris proqramını yeniləməli və növbəti illərin tədris proqramında tələbə uyğun formada kadrların hazırlanması baxımından iş dünyası ilə qarşılıqlı və sıx əlaqələr qurmalıdır. Belə bir əməkdaşlıq və ya koordinasiya mərkəzi hər iki tərəfin – univeristet və müəssisələrin maraqlarına uyğun olacaqdır. Abituriyentlər universitet seçimi edərkən verilən tədrisin keyfiyyəti ilə yanaşı, qeyd etdiyimiz statistik məlumatları da nəzərə alaraq seçim etməlidirlər.

Eyni zamanda tələbələrə real iş prosesidən mütəxəssislər dəvət edilərək əmək bazarının tələbləri və işə qəbul prosesi haqqında mövzular tədris edilməlidir. Tələbələr məzun olduqdan sonra ən azından CV-nin hazırlanma qaydaları, əmək bazarı, əmək bazarının tələbləri, işə müraciət qaydaları, müsahibə prosesinin təşkili və müsahibələrdə davranış qaydaları, iş prosesi və s. bu kimi mövzulara hakim olmaları baxımından real iş dünyasından mütəxəssislərin bu prosesə cəlb edilməsi mütləqdir.

Tələbələr aşağı kurslardan iş dünyasına inteqrasiya edilməli və onların təcrübə keçməsi təmin edilməlidir. Bugün bəzi universitetlərdə 3 və 4-cü kurslarda tələbələrin müəssisələrdə istehsalat təcrübəsi keçməsi təmin edilir. Amma əksər hallarda bu proses formal xarakter daşıyır. Heç bir işəgötürən də hansısa tələbənin bir aylıq istehsalat təcrübəsini haqlı olaraq təcrübə hesab etmir. İş dünyası ilə düzgün əlaqələrin qurulması, qeyd etdiyimiz kimi işəgötürənlərin də maraqlarına xidmət etdiyi üçün tələbələrin uzunmüddətli və həqiqi təcrübə keçməsinin təmin edilməsi baxımından ortaq mərkəzlər qurulmalıdır. Belə bir əməkdaşlıq içərisində olan universitet, tələbələrinə real iş imkanı verdiyi üçün daha çox tələbə cəlb edə biləcək, tələbə erkən yaşlarından əmək bazarının tələblərinə hakim olacaq və özünü təkmilləşdirəcək, işəgötürən isə təcrübə prosesinə cəlb etdiyi tələbələrdən işçi seçmək imkanı əldə edəcək.