Bu tarixdən Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq

“Azərenerji” ASC 2023-2024-cü illərdə Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın ümumi enerji sisteminə qoşmağı planlaşdırır.

İndex.az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib.

Onun sözlərinə görə, qoşulma “Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsi” çərçivəsində baş tutacaq:

“Yaşıl enerji” zonasının yaradılması və onun həm daxili istehlakımızı təmin etmək, həm də xaricə – Avropa ölkələrinə satmaq Prezident İlham Əliyevin qarşıya qoyduğu ən böyük prioritetlərdən biridir. Biz indi bunu başlamışıq. 3 mərhələdən ibarət layihədir. Layihənin adı “Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsi”dir.

Adından da göründüyü kimi nəhəng layihədir. Birinci mərhələ başlayıb və 2022-2023-cü illərdə bitməlidir. İkinci mərhələ 2023-2024-cü illərdə Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın enerji sisteminə qoşmaqdır və üçüncü mərhələ hələ bu günə qədər Azərbaycanda olmayan çevirici yarımstansiyadır. İstəyirik ki, ən azı gücü 1000 MVT olan çevirici yarımstansiya tikilsin, İranla birləşmə və Türkiyə üzərindən də Avropaya enerji satışını təmin edək”.

Mənbə – Report