Bu quruma əmək müqaviləsi bildirişinin qüvvədən düşmək səlahiyyəti verildi

Xəbər verdiyimzi kimi, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” təsdiqlənib.

İqtisadçı Anar Bayramov yeniliyi İndex.az-a şərh edib. Bildirib ki, dəyişikliklərin məqsədi, fiziki şəxs olan işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən amma elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişlərinin tənzimlənməsidir:

“Əmək Məcəlləsinin 49-cu maddəsinə edilən dəyişikliyə əsasən, Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın –  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə qüvvədən düşmüş hesab ediləcək. Əmək Məcəlləsinin 74-cü maddəsindəki əmək müqaviləsinə xitam hallarına əlavələr edilib”.

A.Bayramov Məcəlləyə edilən əlavələri belə sıralayıb:

Birincisi,  74-cü maddənin “e” bəndinə vəfatla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi də qeyd edilib.

İkincisi, Əmək Məcəlləsinin 74-cü maddəsinə aşağıdakı hallarıın fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olması qeyd edilib:

1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;

1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;

1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.

Üçüncüsü, dövlət qurumu tərəfindən əmək müqaviləsinin qüvvədən salınması tərəflərin öhdəliyindən azad etmir. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əlavə edilən bəndə əsasən, Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir”.

İqtisadçı əlavə edib ki, təsdiq edilən yeni dəyişiklikdə, əmək kitabçasında qeydlərin aparılması prosesi də tənzimlənib. Əmək Məcəlləsinin 87-ci maddəsinə əlavə edilən 8-ci hissəsinə əsasən, Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılır.