AİB Gürcüstana 24 milyon avro ayıracaq

Almaniya İnkişaf Bankı (KfW) Gürcüstanda biomüxtəlifliyin mühafizəsi və qorunan ərazilərin inkişafı üçün 24 milyon avro məbləğində qrant ayıracaq.

Vəsait əsasən, Gürcüstanın Acarıstan bölgəsində qorunan ərazilərin abadlaşdırılmasına, genişləndirilməsinə, meşə fondunun artırılmasına, xüsusən də adları “Qırmızı kitab”a düşmüş flora və fauna növlərinin qorunmasına və çoxaldılmasına sərf olunacaq.

Gürcüstan parlamentinin ətraf mühitin mühafizəsi komitəsinin sədri Mayya Bitadze bildirib ki, bununla əlaqədar altı illik proqram hazırlanıb. Bu proqram Gürcüstanda biomüxtəlifliyin mühafizəsinin Avropa və müasir standartlara uyğunlaşdırılmasında yeni mərhələnin əsasını qoyacaq. Eyni zamanda, ətraf mühitin mühafizəsində Almaniya təcrübəsi də öyrəniləcək.

Onun sözlərinə görə, bu gün Gürcüstanda 94 mühafizə olunan sahə var və bu da ölkənin ümumi ərazisinin 11,5 faizini təşkil edir.