Turistlər Azərbaycanda nə qədər xərcləyiblər?

Azərbaycana səyahət zamanı ən çox və ən az vəsait xərcləyən turistlər məlum olub.

İndex.az xəbər verir ki, 2022-ci ilin ilk 4 ayı ərzində (yanvar-aprel) Azərbaycana gələn təqribən 220 min nəfər turist ölkədə ümumilikdə 248,5 milyon manat xərcləyib. Orta hesabla hər turist Azərbaycanda 1 131 manat pul xərcləyib.

Ümumilikdə ən çox pul xərcləyən ölkələr sırasında ilk yeri Türkiyə (59 862 000), ikinci yeri Rusiya (52 433 000), üçüncü yeri isə İran (23 422 000) tutur. Başqa sözlə, ilk 4 ayda xarici turistlərin Azərbaycanda sərf etdikləri məğbləğin yarısı bu 3 ölkənin payına düşüb.

Hər türkiyəli turist Azərbaycanda orta hesabda 1 083 manat, rusiyalı turist 962 manat, iranlı turist isə 840 manat xərcləyib.

Azərbaycana səfər edərək adambaşına ən çox pul xərcləyən turistlər isə Kanada (2800 manat), ABŞ (2700 manat), Birləşmiş Ərəb Əmirlikləri (2500 manat) və Qətər (2600 manat) turistləridir.

Ümumiyyətlə, ərəb turistləri ölkədə ən çox vəsait xərcləyənlər hesab oluna bilər – əksər ərəb turistlərinin xərclədiyi məbləğ 2 min manatdan artıqdır. Ən az pul xərcləyən ərəb turistləri İraq və Suriyadan gələnlərdir- adambaşına təqribən 1400-1500 manat.

Ölkədə adambaşına ən az pul xərcləyən isə Gürcüstandan gələn turistlərdir. 11 976 nəfər turist ümumilikdə 5 868 000 manat xərcləyib. Bu isə hər adambaşına 490 manat xərc deməkdir.