Naxçıvanda pikap və elektromobillər buraxılacaq – İLK DƏFƏ

Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.

İndex.az xəbər verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında Zavodun da daxil olduğu “Cahan Holdinq”in satış departamentinin rəhbəri Fərhad Hüseynov deyib. Onun sözlərinə görə, zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından “ZX Avto” markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib: “Əgər şirkət təsdiq edərsə, pikapların yığılması zamanı Sumqayıt zavodlarında istehsal edilən bir neçə ehtiyat hissəsi də istifadə edilə bilər”.

O qeyd edib ki, ildə 300-400 “ZX Avto” pikapının yığılması planlaşdırılır.

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, F. Hüseynov bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib: “Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır”.

O bildirib ki, istehsalın artırılması Bakıda elektromobillər üçün infrastrukrun genişləndirilməsindən asılı olacaq: “Bakıda elektrikdoldurma məntəqələrinin artırılması planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə addımlar atacağını gözləyirik”.

Elektromobillərin servis məsələsinə gəlincə, F. Hüseynov bildirib ki, artıq “Cahan Motors” Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu bundan əvvəl Çin markası, “Lifan” avtomobillərin yığılmasını həyata keçirib.

Hazırda isə zavodda yeni “FAW” modellərinin istehsalı aparılır.