Cari əməliyyatlar balansının qalığı 6 dəfədən çox artıb

Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 3 952,7 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 5 447 milyon dollarlıq qalıq (3,5 dəfə çox), xidmətlər balansındakı 627,5 milyon dollarlıq kəsir (23,3% az), ilkin gəlirləri balansındakı 961,8 milyon dollarlıq kəsir ( 4,8 dəfə çox) və təkrar gəlirlər balansındakı 95 milyon dollarlıq qalıq (2,3 % az) hesabına formalaşıb.

“Bu ilin I rübündə üzrə CƏB üzrə profisit ümumi daxili məhsulun (ÜDM) dəyərinin 22,4%-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,9 dəfə artaraq 5,5 milyard dollara, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18,2% artaraq 1,5 milyard dollara çatıb.”- AMB bəyan edib.