Bakıda kirayəsi 10 min manata olan bağ evləri var

“Hər il yay mövsümündə bağ evlərinə tələbat artır. Amma 2020-2021-ci illərdə bu istiqamətdə situasiya fərqli oldu”.

İndex.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, 2020-ci ildə pandemiya ilə əlaqədar rayonlara gediş-gəlişin məhdudlaşdırılması, 2021-ci ildə isə xaricə səfərlərin məhdud olması səbəbindən proses bir qədər fərqli istiqamətdə getdi.

“Həmin dövrdə qiymətlərin fantastik artımı müşahidə olundu. Bu il də qiymətlərin artdığını görürük. Son iki illə müqayisədə qiymətlər qismən aşağıdır. Qış fəsli ilə müqayisədə isə yayda qiymətlərdə 2,5, bəzi ərazilərdə isə 3 dəfəyə yaxın artım olur”.

Bağ evlərinin qiymətlərinə gəldikdə, ekspert bildirib ki, 3 otaqlı, orta kommunal şəraiti olan, ictimai nəqliyyatla təmin olunması qənaətbəxş olmayan 5-6 sot ərazidə yerləşən bağ sahələrinin aylıq kirayə qiymətləri 1000 manatdan başlayır:

“İki-üç ailənin eyni vaxtda məskunlaşa biləcəyi, yaxşı şəraiti, hovuzu olan bağ sahələrində qiymətlər 4-5 min manat və bir qədər də yuxarıdır. Elə bağ sahələri var ki, onların bir aylıq kirayə haqqı 10 min manat və daha çoxdur. Nəqliyyat infrastrukturna, çimərlik ərazisinə yaxın olan ərazilərdə qiymətlər daha bahadır. Qiyməti yüksək olan yerlərə də tələbat var. Hazırda mövsümlə əlaqədar müraciətlərin sayı artıb”.