Müharibə iştirakçıları vergi güzəştlərini niyə ala bilmirlər?

Vətən müharibəsi iştirakçıları vergi güzəştlərini ala bilmədiklərindən şikayətlənirlər. Onların bu problemini Bakı sakini Xumar Əliyeva dilə gətirərək Dövlət Vergi Xidmətinə müraciət edib.

İndex.az xəbər verir ki, X.Əliyeva Xidmətə suallar ünvanlayıb: “Niyə hələ də II Qarabağ müharibəsi veteranları vergi güzəştindən yararlanmırlar? Niyə hələ də veteran kitabçası tələb edirsiz? Prezidentin sərəncamıyla veteram kimi hökumət portalında veteranın adının olması, təqaüd alması sizin orqanlara kifayət etmirmi?”

Onun suallarına Dövlət Vergi Xidməti belə cavab verib:

“Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilən qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır. Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilib.  Siyahının 1.7-ci bəndinə əsasən, müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, yuxarıda sadalanan təsdiqedici sənədlərdən birini iş yerinə təqdim etməklə vergi güzəştindən yararlanmaq mümkündür”.

X.Əliyeva isə qeyd edib ki, həmin qurumlar o sənədləri veteranlara vermirlər. Bəs bu hala rastlaşan müharibə veteranlarına problemdən çıxış yolu kimi necə kömək etmək olar?

İndex.az-ın sualına vergi eksperti Vəli Əliyev  aydınlıq gətirib. Onun sözlərinə görə, məsələnin çevik həll olunması üçün inzibatçılıqda müəyyən dəyişiklik etmək mümkündür:

“Bu məsələdə vergi orqanı haqlıdır. Çox təəssüf ki, qanunvericilik bu məsələni  Nazirlər Kabinetinin adıçəkilən qərarına bağlayıb. Həmin qərara göstərir ki, müharibə veteranlarının vergi güzəşti bilavasitə təsdiqedici sənədi təqdim etdiyi gündən yaranır. Amma həmin məlumatlar elektron portalda var. “Zəfər” altsistemi yaradılır. Orada yer alan məlumatların keçərliliyi Nazirlər Kabinetinin qərarına əlavə olunmalıdır”.

Mütəxəssis müəssisələr üçün elektron sistemə girişin təmin olunmasını təklif edib: “Vergidən azad etmək funksiyasını yerinə yetirən işəgötürən və onun mühasibatlığıdır. Bu sistem mühasibatlıq üçün açıq olmalıdır. Mühasib də sistemə baxıb məlumatları ala və müharibə veteranı statusu olan şəxsləri azad etməlidir. Çünki qanunvericiliyin tələbini, vergi güzəştini müəssisənin mühasibi tətbiq edir. Əgər həmin mühasibin electron sistemə giriş imkanı yoxdursa, kağız daşıyıcıda hansısa təsdiqedici sənədi tələb etməsi yanlış deyil”.