Mərkəzi Bank “Soliton LTD”yə cərimə protokolu yazdı

“Soliton LTD” MMC-yə cərimə protokolu yazılıb.

Index.az xəbər verir ki, MMC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlak bazarında araşdırmaların aparılması tələb olunan sənəd və məlumatları təqdim etmədiklərinə görə mobil telefon cihazları bazarında fəaliyyət göstərən bir neçə təsərrüfat subyekti barəsində iş qaldırılıb. Nəticədə “Soliton LTD” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib. İşəbaxılma zamanı “İnteqral” QSC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar tam həcmdə təqdim edildiyi üçün həmin təsərrüfat subyektləri barəsində qaldırılmış işə xitam verilib.