“Xalq Sığorta” 1 ildir vətəndaşı “süründürür”

İmişlidə baş verən qəzadan 1 il keçsə də vətəndaş sığorta haqqını ala bilmir. Məhkəmə qərarı ilə qarşı tərəfə dəyən ziyan təsdiq edilib. Lakin “Xalq Sığorta” şirkəti ödənişdən qeyri-rəsmi formada imtina edib.

Bu barədə İndex.az-a məlumat verən İmişli rayon sakini Elşən Məmmədov bildirib ki, 2021-ci il mayın 16-da yaşadığı rayonda ona məxsus maşınla qəza törədib. Nəticədə yoldan keçən inəklərdən birini maşınla vurub və heyvan tələf olub:

“Həmin vaxt yol polisini və sığorta şirkətinin nümayəndəsini hadisə yerinə çağırdım. Sığorta şirkətinin nümayəndəsi Şirvan şəhərindən gəldiyi üçün gec çatdı. Ona qədər mənə dedi ki, hadisə yerinin şəkillərini çəkim. Mən onun dediyi qaydada şəkilləri çəkdim. Gecə özü də gəlib hadisə yerinə baxdı. Bundan bir müddət sonra mənə bildirdilər ki, qarşı tərəfə sığorta təminatı düşmür”.

Belə olan halda heyvanı tələf olan vətəndaş sürücünü məhkəməyə verib. İmişli Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə sürücünün ona vurduğu ziyan 1500 manat məbləğində dəyərləndirilib və ödənilməsi tələb olunur:

“Bundan sonra mən yenidən maşınımı sığorta edən “Xalq Sığorta” şirkətinə müraciət etdim. Mənə bildirdilər ki, bu hadisəyə görə heç bir məbləğ vermirik. İndi mən ortada qalmışam. Nə sığorta şirkəti dəyən ziyanı ödəmir. Mənim bütün sənədlərim qaydasındadır. Ancaq heç bir köməklik etmirlər. Yenidən 183 qaynar xətt nömrəsinə də müraciət etdim. Oradan da şifahi formada dedilər ki, biz sənə heç bir köməklik etmirik. Tələf olan heyvana görə qarşı tərəfə təminat düşmür. İmişli Rayon İcra və Probasiya Şöbəsinin icraçısı isə hər gün mənə zəng edərək məhkəmə qərarının icrasını tələb edir. Ödəməsəm, məni həbs etməklə hədələyir. Niyə belə olmalıdı? Mənim maşınım hər il vaxtında sığorta olunur. İndiyədək heç bir qəza hadisəsi törətməmişəm. İlk dəfədi belə bir halla rastlaşıram, ona da sığorta təminatı verilmir. Belədisə, bu sığorta nə üçündü? Biz niyə ödəniş edirik? Hərə öz cərriməsini ödəyəcəksə, niyə bizdən sığorta haqqı alırlar?

Hadisə ilə bağlı Dövlət Yol Polisi inzibati protokol tərtib edib. Ardınca isə məhkəmə qətnaməsi qəbul edilib. Lakin sığorta şirkəti bu sənədlərə məhəl qoymur.

Vətəndaşın üzləşdiyi problemə sığorta eksperti İlkin İbrahimov da münasibət bildirib. Onun sözlərinə görə, polis hadisə ilə bağlı protokol tərtib edib və günahın srücüdə olduğunu qeyd edib: “Qanunvericiliyə əsasən, protokolda nə yazılıbsa, sığorta şirkəti və digər tərəflər ona əməl etməlidi. Burada məhkəmə qətnaməsi də çıxarılıb. Qarşı tərəfə dəyən ziyanı şirkət qarşılamalıdır”.

“Xalq Sığorta” şirkətindən isə məsələyə araşdırmadan sonra münasibət bildirəcəklərini deyiblər. Şirkətin hüquqşünası Əsli Musayeva müraciətimizə cavab olaraq bildirib ki, vətəndaş E.Məmmədov yazılı formada şirkətə müraciət edərsə, ona rəsmi cavab veriləcək. Əgər tələbində haqlıdırsa, ona ödəniş edilə bilər.