Şəkərli içkilərə vergi tətbiqi onların istehlakını azalda bilər

Azərbaycanda şəkərli qazlı və qazsız içkilərə aksiz vergisinin tətbiq olunması təklif edilib. Məsələni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev gündəmə gətirib. Onun sözlərinə görə, bir sıra ölkələrdə alkoqollu içkilərlə bərabər, həm də tərkibində şəkər olan içkilərə aksiz vergisi tətbiq edilir.

Z.Əliyev belə aksiz dərəcələrinin İcbari Tibbi Sığorta Fondunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Səslənən təkliflə bağlı firiklərini bölüşən iqtisadçı Anar Bayramov İndex.az-a bildirib ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunu və büdcə bundan qazanır:

“Şəkərli qazlı və ya qazsız içkilərin insan sağlamlığına vurduğu zərərin minimuma endirilməsi məqsədilə, əhalinin şəkərli içkilərdən daha az istifadə etməsi məqsədilə bir çox dünya ölkələrində şəkərli içkilərə aksiz vergisi tətbiq edilir. Məlumat üçün deyim ki, şəkərli içkilərə ilk dəfə aksiz vergisi 1930-cu ildə Danimarka da tətbiq edilib. Almaniya və İsveçdə istehsal olunan şəkərli içkilərin Danimarka bazarını ələ keçirməsindən sonra 2013-cü ildən etibarən artıq bu vergi Danimarkada ləğv edildi. Meksika da şəkərli içkilərə vergini tətbiq edən ölkələrdən biridir. Araşdırma zamanı məlum olub ki, Meksikada şəkərli içkilərə vergi tətbiq edildikdən sonra bu cür məhsulların qiyməti 10-12% artıb və bu məhsulların istehlakı birinci il 5,5%, ikinci il isə 9,7% aşağı düşüb”.

A.Bayramov şəkərliiçkilərə tətbiq olunan aksiz dərəcələrinə də toxunub. Onun sözlərinə görə, postsovet ölkəsi olan Estoniyada tərkibində hər 100 millilitr hesabına 5-8 qram şəkər olan içkilərin bir litrinə 0,10 avro (təxminən 20 qəpik) aksiz vergisi tətbiq edilir:

“İçkinin tərkibindəki şəkərin miqdarından asılı olaraq, bu göstərici üç dəfəyə qədər artırılır. Amerikanın bir neçə ştatı da şəkərli içkilərə vergi tətbiq etmişdir. Ümumiyyətlə hal-hazırda dünyanın 40-a yaxın ölkəsi, o cümlədən Bruney, Fransa, Meksika, Səudiyyə Ərəbistanı, Tayland və Birləşmiş Krallıq da daxil olmaqla şəkərli içkilərə vergi tətbiq edirlər. Çilidə 18%-ə qədər, BƏƏ-də 50%, Böyük Britaniyada isə əgər 100 ml-də 5 qram şəkər varsa, hər litrinə 18 penni (təxminən 40 qəpik), 100 ml-də 8 qramdan yuxarı şəkər varsa, litrinə 24 penni (təxminən 53 qəpik) vergi tətbiq edilir”.

İqtisadçı xatırladıb ki, Böyük Britaniyada şəkərli içkilərə tətbiq edilən verginin nəticəsində dövlət büdcəsinə ildə 1 milyard funt sterlinq əlavə vəsait daxil olur. Ümumdünya Səhiyyə Təşkilatı da 2016-cı ildə şəkərli içkilərin qiymətinin minimum 20% qaldırılması üçün bütün dünya ölkələrinə şəkərli içkilərə əlavə vergilərin tətbiq edilməsi barədə çağırış edib.

Xatırladaq ki, “Tibbi sığorta haqqında” qanuna əsasən, hazırda Azərbaycanda araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı İcbari Tibbi Sığorta Fondu üçün tutulur. Həmin vəsaitlər isə hesabat dövründən sonrakı ayın 20-dən, yəni aprelin 20-dən gec olmayaraq İcbari Tibbi Sığorta Fonduna ödənilməlidir.