Avropada təbii qazın qiyməti 920 dolları keçdi

Londonun ICE birjasında təbii qaz fyuçersləri bir qədər bahalaşaraq 1000 kubmetr üçün 920 dolları ötüb.

İndex.az xəbər verir ki, bunu “ICE Futures” platformasının məlumatları göstərir.

Qeyd edək ki, Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə iyul fyuçersləri 938,8 dollar səviyyəsində ticarətlə başlayıb. Hələ ki təbii qazın ən aşağı qiyməti 912,8 dollar, ən yuxarı qiyməti isə 940,8 dollar təşkil edir.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlamasından sonra Avropada təbii qazın qiyməti kəskin artıb: əgər fevralın 23-ün nəticələrinə əsasən, fyuçerslərin hesablaşma qiyməti 1000 kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də “mavi yanacağ”ın qiyməti demək olar ki, 50% bahalaşaraq 1555,5 dollara qədər yüksəlib.