Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri – SİYAHI

Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub.

İndex.az bu barədə ayrı-ayrı ölkələrin koronavirusa yoluxma statisitkalarına istinadən xəbər verir.

Son məlumatlara görə, hazırda dünyada koronavirusa yoluxma baxımından ən təhlükəli yer Tayvandır. Ada ölkədə son sutkada 62 110 nəfər COVID-19-a yoluxub, virusun aşkarlandığı 124 nəfər ölüb. Tayvan artıq bir müddətdir dünyada koronavirusa gündəlik yoluxma və ölüm sayına görə ilk yerlərdən birini tutur.

Koronavirusa yoluxmanın bir neçə həftə əvvəl aşkarlandığı Koreya Xalq Demokratik Respublikası da artıq son günlər ərzində dünyada pandemiya baxımından ən təhlükəli ölkələrindən birinə çevrilib. Son sutkada Şimali Koreyada 73 790 nəfərdə koronavirus aşkarlanıb.

Avstraliya da gündəlik yoluxma baxımından pandemiyadan ən çox əziyyət çəkən ölkələrdəndir. Son sutka ərzində Avstraliyada 22 253 nəfərdə koronavirus aşkarlanıb, 29 nəfər ölüb. Siyahıda ilk yerlərdən birini Yaponiya tutur. “Gündoğar ölkə”də son gündə koronavirusa 16 627 yoluxma qeydə alınıb, virusun aşkarlandığı 23 nəfər ölüb.

İtaliya da koronavirusa yoluxma baxımından ən təhlükəli ölkələrdəndir. Qərbi Avropanın bu ölkəsində daha 15 082 nəfərə koronavirus xəstəsi diaqnozu qoyulub, COVID-19 testi müsbət çıxmış 27 nəfər ölüb.

Cənubi Koreyada 9 835 nəfərdə təhlükəli virus aşkarlanıb, COVID-19-dan əziyyət çəkən 20 nəfər ölüb.

Çilidə də hər gün minlərlə insanda virus aşkarlanır. Son bir gündə bu ölkədə daha 8 823 nəfərin koronavirus testi müsbət çıxıb, 18 nəfər ölüb.

Qeyd edək ki, pandemiya ərzində dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda ümumilikdə 86 503 057 nəfər koronavirusa yoluxub, 1 033 571 insan COVID-19-dan ölüb.

Son məlumatlara görə, pandemiya ərzində dünyada koronavirusa 535 275 470 yoluxma qeydə alınıb, 6 320 236 nəfər ölüb, virusa yoluxmuş 506 191 229 nəfər sağalıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə – Report