“Relax” məhkəməyə verildi

Azərbaycanın ən böyük istirahət mərkəzlərindən biri sayılan “Relax Resort And Spa Hotel” barəsində məhkəmə iddiası qaldırılıb.

İndex.az xəbər verir ki, hotel rəhbərliyi icbari sığorta qanunvericiliyini pozmaqda təqsirli bilinir. “Relax Resort And Spa Hotel” barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

İddia təsdiqini taparsa, hotel rəhbərliyini 5 min manat cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Relax” Azərbaycanda cənub bölgəsinin ən tanınmış istirahət mərkəzidir. Hotelin Lerikin deputatı İqbal Məmmədova məxsus olduğu iddia edilir.

Xatırladaq ki, “Relax” tez-tez neqativ hadisələrlə gündəmə gəlir. Belə ki, ötən il istirahət mərkəzinin ərazisində orada çalışan əməkdaşın meyiti tapılmışdı. Ailəsi isə onun qətlə yetirildiyini iddia edirdi. 2019-cu ildə isə sözügedən istirahət mərkəzində 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü. İnsident zamanı deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Mənbə – Kriminalqafqaz