İpotekada olan evə görə əmlak vergisi ödənilirmi? – RƏSMİ CAVAB

Ötən ildən başlayaraq qanunvericiliyin tələblərinin dəyişməsi ilə bələdiyyələr əmlak vergisinin toplanmasında fəallaşıb. Artıq vergidən yayınan vətəndaşlara bağlı xəbərdarlıqlardan sonra icra və probasiya şöbələrinə rəsmi məlumatlar verilir. Bununla onlar əmlak vergisi ilə yanaşı ötən dövrə görə yaranan borclar və faizlərinin də məcburi qaydada ödənilməsinə nail olunur.

Lakin bəzi vətəndaşlar vergidən yayınmaqda davam edirlər. Onların bir hissəsi mənzillərinin, evlərinin ipoteka ilə yüklü olduğunu əsas gətirərək vergi öhdəliklərinin olmadıqlarını idda edirlər. Onlardan biri də Abşeron rayon sakini Vəli Səfərovdur (ad şərtidir).

Vətəndaş İndex.az-a müraciət edərək ipoteka olan mənzilinə görə bələdiyyənin ondan əmlak vergisi tələb etdiyini deyib:

“Mən mənzili 2006-cı ilin dekabr ayında 20 illik ipoteka krediti ilə almışam. 45.47 m2 sahəsi olan mənzil üçün hazırda ödənişi davam edir. Evin krediti tam ödənilmədiyi üçün çıxarış alınmayıb. Yaşadığım evə 12 fevral 2022-ci il tarixdə Xırdalan Bələdiyyəsindən əmlak vergisi üzrə tədiyyə bildirişi göndərilib. Bildirişdə ötən dövr üçün əmlak vergisi 4.64 manat, onun gecikdirilmsəinə görə 0.63 manat faiz borcu, bu il üçün isə 4.64 manat hesablanıb. Əgər evin krediti tam ödənilməyıbsə, ev mənim əmlakıma tam keçməyıb. Bəs bu halda mən necə əmlak vergisini ödəməliyəm?”

Vətəndaşın sualına öncə rəsmi mövqe öyrəndik. Dövlət Vergi Xidmətindən məsələ ilə bağlı bildiriblər ki, xüsusi mülkiyyətdə olan tikiliyə görə bələdiyyəyə əmlak vergisi ödənilməlidir. Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir.

“Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir. Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilən faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir”.

Xidmətdən onu da deyiblər ki, fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələri (binalar) vergitutma obyekti hesab olunur.

“İpoteka haqqında” qanunun 25.3.3-cü maddəsində göstərilib ki, ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək ipoteka sahibinin hüququdur. Başqa sözlə, ipotekada olan mənzilin sahibi əmlak vergisini ödəməkdən azad edilmir.

Bu səbəbdən bələdiyyələr həmin vətəndaşlara bildirişlər göndərərək əmlka vergisnin ödənilməsini tələb edirlər.