İqtisadçı ekspertlər yeni istifadə verilən Əmək və Məşğulluq altsistemi (ƏMAS) ilə bağlı təkliflərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediblər.
İndex.az xəbər verir ki, siyahıda 10-dan çox təklif irəli sürülüb. Ekspertlər, əsasən, əmək müqaviləsində dəyişikliklərlə bağlı əlavə bölmənin yaradılması, ƏMAS-ın digər dövlət orqanlarının electron sistemlərinə intqerasiyası, işəgötürənin və işçinin sosial sığorta məbləğləri üzrə göstəricilərinin avtomatik hesablanması kimi məqamları önə çəkiblər.
Qeyd edək ki, ƏMAS-ın tətbiqi ilə əmək münasibətlərində köklü dəyişikliklər nəzərdə tutulub. Yeni sistem bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektorn qaydada bağlanması, rəqəmsal kadr uçotunun qurulması, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur.
Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.
Ekspertlər hesab edirlər ki, işəgötürən tərəfindən struktur bölmələri üzrə (filial, nümayəndəlik, şöbə və sair) səlahiyyət verilən şəxslərə yalnız həmin bölmələrin fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə səlahiyyət və baxış imkanları yaradılmalıdır:
“Hazırda ƏMAS-da işəgötürən filial üzrə vəzifəli şəxsə səlahiyyət verdikdə, həmin şəxsin təşkilat üzrə bütün vakant iş yerləri haqqında məlumata baxmaq hüququ yaranır. Fikrimizcə, bu təşkilatdaxili iyerarxiyaya və səlahiyyətlərin bölgüsü prinsipinə zidd olduğundan qeyd olunan məhdudiyyətin tətbiqi daha doğru olardı”.
Digər təklif təşkilatın strukturunda bölmə və ya şöbəninin adında buraxılmış mexaniki səhv düzəldildikdə və ya texniki baxımdan dəyişiklik halında (məsələn, mühasibatlıq şöbəsinin adı dəyişdirilərək maliyyə şöbəsi qoyulduqda) strukturun nüsxəsinin çıxarılmasına və ya yeni strukturun yaradılmasının ləğvi ilə bağlı olub:
“Hazırda işəgötürən ƏMAS-da strukturda yol verilmiş mexaniki səhvi aradan qaldırdıqda və ya texniki ad dəyişikliyini icra etdikdə mütləq aktiv əmək müqavilələrini rotasiya etməli və ya əmək müqavilələrinə xitamı həyata keçirməlidir. Bu, uzun bir proses olduğundan əlavə iş yükü yaradır və vaxt itkisinə səbəb olur”.
Ekspertlərin sözlərinə görə, hazırda əmək müqaviləsində sayından asılı olmayaraq hər hansı dəyişiklik həyata keçirildikdə, sistem müqavilənin yeni formasını hazırlayır. Həmin sənədin işçiyə yenidən imzalatdırılması əlavə suallar yaratmaqla yanaşı, iş yerində kağız sərfiyyatının artmasına da səbəb olur. Ona görə də əmək müqaviləsinə dəyişiklik edilən zaman sistemin yeni əmək müqaviləsi deyil, əmək müqaviləsinə Əlavə formasını hazırlamasını təklif ediblər.
Digər bir təklif mövsumi işlərdə çalışan işçilərlə bağlı olub. Onlar üçün əmək məzuniyyəti müddətinin qeyd edilməsi imkanının yaradılması vacib sayılıb:
“Əmək Məcəlləsinin 114-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulur ki, mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətdə verilsin. Təəssüf ki, hazırda ƏMAS-ın əmək məzuniyyəti bölməsinə həmin göstəriciləri daxil etmək mümkün deyil”.
Bundna başqa, ekspertlər əmək müqaviləsində bank hesabının qeyd edilməsi mütləq (məcburi) tələb kimi qoyulmamasını, icrada olan əmək müqavilələrinin eyni vaxtda imzalanması, əmək müqaviləsi bildirişi reyestrində hesabatlar üzrə düzəlişlərin həyata keçirilməsi imkanının yaradılmasını təklif ediblər:
“Əmək müqaviləsi bildirişi reyestrində məlumatların Excel faylına daxil edilməsi zamanı texniki yalnışlıqların meydana çıxması ilə yanaşı, hazırlanmış formada (cədvəldə) bəzi məlumatlar əks olunmur. Misal üçün, əmək müqaviləsi bildirişinə dəyişiklik edildiyi zaman sistemdə işçinin işə başlama tarixi son dəyişiklik tarixi kimi qeyd edilir. Bundan əlavə, məlumatların Excel faylına exportu zamanı işçinin sosial sığorta nömrəsi cədvəldə öz əksini tapmır”.
İşəgötürənin və işçinin sosial sığorta məbləğləri üzrə göstəricilərinin avtomatik hesablanması da təkliflər sırasındadır. Eləcə də ƏMAS-ın e-sosial.az və isb.az saytları ilə inteqrasiya olunması fikri irəli sürülüb. Altsistemin adıçəkilən saytlara onlayn inteqrasiya olunmaması işəgötürən üçün inzibati məsuliyyət yaradır.
Ekspertlər vakant vəzifələrlə bağlı təkliflərini də irəli sürüblər. Onların fikrincə, boş vəzifə üzrə əmək funksiyasının icrası ƏMAS-da əks etdirilməlidir. İndiki vəziyyətdə işçi hər hansı boş vəzifəni əvəz etdikdə, vakant vəzifə tutulmuş hesab olunsa da, ƏMAS-da həmin vəzifə vakant olaraq göstərilir.