Bu ölkələrdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Monqolustanın Ömnöqovi vilayətində diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən Qabonun Estuar əyalətindən, ABŞ-ın Oklahoma və Vaşinqton ştatlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

İndex.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, bu tədbir Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Monqolustan, Qabon, ABŞ-ın müvafiq bölgələrində yüksək patogen quş qripi (YPQQ) xəstəliyinin qeydə alınmasından sonra qəbul edilib.

AQTA-dan bildirilir ki, bu ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.