İşğaldan azad edilən ərazilərin ortofoto xəritəsi hazırlanıb

Kənd Təsərrüfatı Nazirliyi “Azərkosmos”dan və digər mənbələrdən əldə etdiyi  ortofotolar əsasında işğaldan azad edilən ərazilərin faktiki əkin sahələrinin xəritəsini hazırlayıb.

Bu barədə İndex.az-a Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri  Firudin Tağıyev məlumat verib. Onun sözlərinə görə, hazırda əkinlərin planlanması, gələcəkdə həmin ərazilərdə kənd təsərrüfatı ixtisaslaşmasının aparılması kimi işlərdə həmin ortofoto xəritələrdən istifadə olunacaq:

“Bununla paralel olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işğaldan azad edilən ərazilərdə irimiqyaslı torpaq kadastrı işlərinə başlayıb. “Qarabağ invertar” adlı geoportal yaradılıb. Orada aidiyyatı qurumlar öz informasiyalarını  əlavə edirlər. O cümlədən, Kənd Təsərrüfatı Nazirliyi də gördüyü işlərə dair coğrafi məlumatları həmin portala mütəmadi olaraq daxil edir”.

Gələcəkdə bu işlərin daha davamlı aparılamasını və inkişaf etdirilməsini hədəflədiklərini deyən F.Tağıyev xüsusilə, işğaldan azad olunan ərazilərin prioritet təşkil etdiyini vurğulayıb.