Avtomobil sığortasında endirimlər ləğv olunur, amma…

Avtomobillərini icbari sığorta etdirən vətəndaşlar son günlərdə sığorta şirkətlərindən yeni mesaj alırlar.

İndex.az-ın əldə etdiyi məlumata görə, mesajda sığorta şirkətləri İcbari Sığorta Bürosunun yeni qərarını açıqlayırlar:

“İSB -nin qərarı ilə sizə yeni qərarı çatdırıram. 01.06 2022 ci il tarixindən etibarən   hər kəsin adında olan endirimlər ləğv olacaq dövlət rüsumlarında çox böyük qiymət fərqi olacaq. Yeni müqaviləni ağlamağa tələsin”.

Qeyd edək ki, ötən ilin sonlarından başlayaraq sığorta şirkətləri agentlərə gücü 2 motoradək olan avtomobillərin sığortasını qadağan edib. Bunun üçün baş ofisə müraciət etməli olan maşın sahiblərini isə müxtəlif bəhanələrlə sığortasız yola salırlar. Bu qadağa yalnız Bakı, Sumqayıt və Abşeronda olan maşınlara və agentlərə tətbiq olunur.

Sığorta agenti kimi fəaliyyət göstərən Şahin İsmayılov İndex.az-a açıqlamasında son günlərdə bu sahədə vəziyyətin daha da gərginləşdiyi deyib: “Əsas “Prius”larla bağlı ciddi problem mövcuddur. Onları icbari sığorta etmək qeyri-mümkündür. Şirkətlərə müraciət etdikdə onlayn sistemin işləməməsini bəhanə edib yola verirlər”.

Yeni müqavilələrinin olması ilə bağlı yayılan xəbərlərə gəlincə, sığorta agenti sığorta haqlarının yenidən hesablanması, yeni tariflərin tətbiq olunması barədə məlumatların yayıldığını deyib. Hətta qəza hadisələri çox olan ziyanlı maşınların sığorta haqlarının dəfələrlə artırılması barədə iş getdiyini istisna etməyib. Ancaq aparılan işlərin necə, harada olması, yeniliklərin nə vaxt tətbiq olunacağı ilə bağlı konkret informasyalarım açıqlanmadığını qeyd edib:

“Əgər yeni tariflər yalnız qəza sayları çox olan avtomobillərə tətbiq olunsa, bu bazarda heç nəyi dəyişməyəcək. Çünki ölkədə istifadə olunan avtomobillərin ümumi sayı 1 milyon 400 minə yaxınlaşır. Onların təxminən 5-8%-ni qəza etmiş kimi görmək olar. Qəza sayları o qədər də çox deyil. Onların arasında xüsusi ziyanlı avtomobillər də var. Əsasən, taksi fəaliyyəti göstərirlər. Onlar da kiçik mühərrikli maşınlardır. Onların sığorta haqqının artırılması sığorta şirkətlərinin yığımlarına ciddi təsir göstərməyəcək”.

Sığorta şirkətlərinin yığımlarına və gəlirlərinin artmasına fundamental yanaşma tələb olunduğunu deyən Ş.İsmayılov sığorta haqlarının yeni qaydalar əsasında hesablanması və “bonus-malus” sisteminin tamamilə sistemdən çıxarılmasını təklif edib. Onun sözlərinə görə, həmin sistemlə şirkətlər yığımlarının 50%-ni itirirlər.  Gələn il üçün bu itki 55% olarsa, vəziyyət daha da acınacaqlı ola bilər.

Sığorta mütəxəssisi İlkin İbrahimov isə hesab edir ki, mövcud vəziyyətlə bağlı tənzimləyisi qurum kimi Mərkəzi Bank açıqlama verməlidir. İcbari Sığorta Bürosu isə elektron xidmətlər və icbari sığortalarla bağlı mövqeyini açıqlamalıdı. Ancaq hər iki tərəf sakit durmaqda maraqlıdır

İ.İbrahimov avtomobilini sığorta etdirə bilməyən vətəndaşların birbaşa həmin qurumlara müraciət etməli olduqlarını bildirib:

Sığorta şirkətləri icbari sığortalanma ilə bağlı zərərlə işlədiklərini bildirirlər. Çünki mövcud bonus-malus sistemində bonus sistemi işləyir, maus isə işləmir. Bonus nümunəvi vətəndaşa əlavə endirim qazandırır. Malusla isə intizamsız sürücü əlavə olaraq sığorta haqqı ödəməlidir. Ancaq onlar bunu ödəmədiyinə görə avtonəqliyyat vasitələrinin icbari sığortasında müəyyən problemlər yaşanır. 2 motora kimi olan avtobuslar, taksilər, “Prius”, “KİA” və digər kiçik motorlu maşınlar sığorta  agentlər sığortlamırlar. Şirkətlərin baş ofislərinə yaxınlaşdıqda isə onları bəhanə ilə yola salırlar. Belə olan halda həm Mərkəzi Banka, həm də İcabri Sığorta Bürosuna demək lazımdır ki, qanunvericiliyin tələbi yerinə yetirilsin. Qanunla şirkətlər icbari sığortadan imtina edə bilməzlər”.

Bütün bu proseslərə Mərkəzi Bankın nəzarət etməli olduğunu deyən İ.İbrahimov qanunverciliyə dəyişiklik olunması ilə bağlı ehtimalların səsləndiyini bildirib: “Belə görünür ki, Mərkəzi Bank bu günə qədər nəzarət mexanizmini itirib. Çünki bu müddətdə 1 dəfə də açıqlama verməyib”.

Xatırladaq ki, avtomobillərin icbari sığortası üçün illik məbləğlər 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” qanunla tənzimlənir. Ötən müddətdə həmin rəqəmlər dəyişməyib. Mütəxəssislərin məlumatına görə, son 10 ildə avtomobil bazarında və ehtiyat hissələrinin satışında təxminən 3 dəfə yaxın bahalaşma qeydə alınıb. Lakin sığorta haqlarında heç bir dəyişiklik olmayıb. Vətəndaşalar göndərilən mesajlardan sonra bu sahədə dəyişiklik olacağına ümid yaranıb.