Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?

Karantin qaydalarının yumşaldılmasından sonra Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur.

İndex.az xəbər verir ki, bunu turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycana turistlər əsasən Pakistan, Hindistan, İsrail və ərəb ölkələrindən gəlirlər.

“Bundan sonra da Azərbaycana turist axınında artım olacağı gözlənilir. Turistlərin gəlməsi ölkəmizə kapital axınının artması deməkdir. Xarici ölkələrdən turist cəlb eləmək üçün işlər görülür. Ancaq quru sərhədlərimizin bağlı olması turist axınına mənfi təsir edir. Əksər məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır. Bu isə turistlərin kütləvi şəkildə gəliş-gedişinə çətinlik yaradır. Quru sərhədlər açılsa, indikindən daha çox turist qəbul edə bilərik”.

Ekspert bildirib ki, işğaldan azad olunan torpaqların təbii potensialı orada turizmin müxtəlif növləri ilə məşğul olmaq imkanı yaradır.

“Gələcəkdə azad edilən torpaqlara turların təşkil olunması ölkəmizə turizm axınını artıracaq. Xarici ölkələrdə azad olunan torpaqlarımıza səfər etmək istəyənlər çoxdur”, – Ə.Şiriyev deyib.