Bu hallarda sahibkarlar attestasiyaya görə cərimələnə bilərlər

Hazırda bir sıra sahələrdə işçilərin attestasiyadan keçirilməsi, onların peşəkarlıq səviyyəsinin artırılamsı hədəflənib. Bunu daha çox SOCAR-ın timsalında görürük. Eyni zamanda müəllimlərin və həkimlərin də bu cür yoxlamalardan keçirilməsi planlaşdırılır. Bəs attestasiya qaydaları necədir? Kimlər bu yoxlamadan keçməyə bilər?

İndex.az-ın bu və digər suallarını iqtisdaçı ekspert Anar Bayramov cavablandırıb. Onun sözlərinə görə, attestasiya qaydalarının pozulması cərimələrə səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə – 700 manatdan 1200 manatadək məbləğdə cərimə edilir:

“Tutaq ki, işəgötürən 5 ildən çox işləyən işçilərin attestasiyasını həyata keçirmir. Əsas kimi illik qiymətləndirmənin aparılmasının kifayət etdiyini göstərir. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçilərin attesasiya olunmamasına görə inzibati cərimə tətbiq edilə bilməz. Çünki işçilərin attestasiyasını keçirmək işəgötürənin hüququdur. İşəgötürən işçilərin səviyyəsindən razıdırsa, o zaman attestasiyasının keçirilməsinə ehtiyac duymaya bilər”.

Bu halda işçilərin yerlərinin attestasiyasının keçirilməsi qaydaları ilə bağlı inzibati xəta nə vaxt tətbiq olunur? A.Bayramov qeyd edib ki, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 nömrəli qərarı ilə  “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” təsdiq edilib:

“Qaydalarda qeyd olunur ki, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra  attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə,  işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir. Tutaq ki, işəgötürən işçilərin attestasiyasını həyata keçirib və attestasiya komissiyasının 1 fevral 2022-ci il tarixli tövsiyəsinə uyğun olaraq satış meneceri vəzifəsində çalışan işçinin maaşına edilən əlavənin ləğvini məqsədəuyğun sayıb. İşəgötürən 15 mart 2022-ci il tarixdə ləğvi həyata keçirib. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürəni İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə uyğun cərimələyəcək.  Çünki işəgötürən qərarı komissiyanın tövsiyəsindən 30 günlük müddət ötdükdən sonra verib və bununla da işçilərin attestasiyası qaydalarını pozub”.

Cərimə digər halda da tətbiq oluna bilər. Məsələn, işəgötürən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçiləri attestasiya edib. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, qeyd edilən şəxslər attestasiyadan azaddır. Dövlət Əmək Müfəttişliyi Xidməti attestasiya qaydalarının keçirilməsi zamanı yol verdiyi pozuntuya görə işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsini tətbiq edə bilər.

Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, aşağıdakı işçilərin attestasiyası keçirilmir:

– vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;

– Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;

– bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;

– hamilə qadınlar;

– uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

– yaşı 18-dən az olan işçilər;

– bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;

– eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

– kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;

– Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

– Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər.

A.Bayramovun sözlərinə görə, hər hansı işçinin bir işəgötürəndə bir vəzifədə (peşədə) işləmə müddəti 1 ildən azdırsa, həmin şəxs attestasiyaya cəlb edilə bilməz: “Bundan əlavə, eyni vəzifədə azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilərin bir daha attestasiyası keçirilmir. Çünki həmin işçi artıq 3 dəfə attestasiya komissiyasının rəyi nəticəsində vəzifəsinə uyğun hesab edilib. Həmin işçi işdən çıxdığı dövrə qədər həmin vəzifədə çalışarsa, onun attestasiyasına ehtiyac yaranmır.  Siyahıdan göründüyü kimi, bəzi kateqoriyalı işçilər var ki, onların attestasiyaya cəlb olunmasına icazə verilmir. Misal üçün, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş və  Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş və ya Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər də hansı vəzifədə işləmələrindən asılı olmayaraq, heç vaxt attestasiyaya cəlb olunmurlar”.