Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 54% artıb

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 965,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,5% çoxdur.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($102,5 milyon, artım 5,2%), karbamid ($68,2 milyon, artım 36 dəfə), pomidor ($58,2 milyon, artım 37,6%), meşə fındığı ($47,9 milyon, artım 38%), metanol ($50,6 milyon, 2021-ci ilin yanvar-aprel aylarında ixrac həyata keçirilməyib), qızıl ($47,8 milyon, azalma 26%), elektrik enerjisi ($33,5 milyon, artım 44,4%) və ilkin formalı polipropilenin ($37,9 milyon, artım 1%), ilkin formada polimerizasiyada maddələr ($33,4 milyon, аrtım 88,7%) payına düşüb.

Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($333,7 milyon, artım 54,3%), Rusiya ($191,7 milyon, artım 1,7%), Gürcüstan ($61 milyon, artım 14%), İsveçrə ($51 milyon, azalma 25,2%), ABŞ ($39,4 milyon, artım 71,3%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 34,6%-i Türkiyənin, 19,9%-i RF-nin payına düşüb.

2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.