Qarşılıqlı ticarətdə milli valyutlardan istifadə nə dərəcədə effektivdir?

Xəbər verdiyimiz kimi, Rusiya və İran öz aralarında hesablaşmalarda milli valyutalardan maksimum istifadə etmək və bu ölkələrin «Mir» və «Shetab» adlı ödəniş sistemlərini birləşdirmək barədə razılığa gəliblər. Əsas məsələlərdən biri iki ölkənin hüquqi şəxsləri arasında hesablaşmalar üçün şərait yaradılması olub. Məlumata görə, tərəflər milli valyutalar – rubl və rialdan maksimum istifadə etmək barədə də razılığa gəliblər. Bir qədər əvvəl isə Rusiya Türkiyə tərəfi ilə «Mir» kartlarının Türkiyə otellərində istifadəsi ilə bağlı razılığa gəlib. Bəs bunun iqtisadi cəhətdən həmin ölkələrə hansı təsirləri ola bilər?

İndex.az-ın sualını cavablandıran iqtisadçı Rövşən Ağayev bildirib ki, ölkələrin bir-biri ilə qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə edilməsi son illərdə çox aktiv şəkildə müzakirə olunur:

“Xüsusilə, Çin və ABŞ arasnda ticarət müharibəsi dövründə bu məsələ çox aktuallaşdı. İrana qarşı sanksiyalar vaxtı müəyyən qədər aktullaşıb. İndi isə Rusiyaya qarşı Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalara bağlı yenidən ikitərəfli ticarət, yaxud üçtərəfli, dördtərəfli, eyni iqtisadi maraqları olan regional birliklərdə olan ölkələrin qarşılıqlı ticarətdə öz valyutalarından istifadə etmək məsələsi ortaya çıxıb. Məsələn, Çin yuanı ilə Rusiya rublu əsasında iki ölkə arasında iqtisadi əlaqələrin qurulmasının ardnca İranla Rusiya arasında razılaşma əldə olunub. Bunun iqtisadi əsasları ilə yanaşı, eyni zamanda siyasi əsasları da vardır. Xüsusilə, ABŞ-ın dünyada iqtisadi hegemonluğunun sarsıdılmasına qarşı Rusiya-Çin mərkəzli regional birliklərin uzunmüddətli müzakirələri gedir”.
Bunun fonunda R.Ağayev dolların dünya ticarətində payı çox yüksək olduğunu vurğulayıb. Ən son məlumata görə, qarşılıqlı ticarətdə ən azı 70%-ə qədər dollardan istifadə olunur. Maliyyə bazarlarında bu göstərici daha yüksəkdir. Müxtəlif fond bazarlarında dollar indekslənmiş səhm ticarətinin, eyni zamanda kapital bazarında borcların verilməsində dolların payı 80%-dən də yüksəkdir:

Göstəricilər kifayət qədər yüksəkdir. Bunun da şübhəsiz ki, iqtisadi əsasları var. ABŞ iqtisadiyyatının dünyadakı hegemon rolu, xüsusən elmi texnoloji, innovativ potensialının çox yüksək olması, dünya iqtisadiyyatında payının yüksək olması, eyni zmanda ABŞ iqtisadiyyatının daha çox sabitliyi, etibarlılığı onun milli valyutasını daha etibarlı edir”.

Bəs qarşılıqlı ticarətdə milli valyutlardan istifadə nə dərəcədə effektivdir? Bu, dolların mövqeyinə təsir edə bilərmi?

Ölkələr öz aralarında milli valyutalarından istifadəsinə heç bir məhdudiyyət olmadığını deyən R.Ağayev burada digər amillərin daha önəmli olduğunu deyib:

“Bunun üçün ticarət müqavilələri bağlanacaq və orada qarşılıqlı ticarətdə öz valyulatarından istifadə edilməsini göstərəcəklər. Burada heç bir maneə yoxdur. Nə ABŞ, nə Böyük Biritaniya, nə də digər Avropa ölkələri bunun qarşısını ala bilməyəcək. Bunun heç hüquqi mexanizmləri də yoxdur. Burada önəmli olan məsələ ölkələrin qarşılıqlı ticarətdə milli valyutalardan istifadəsinin nə dərəcədə qazancli olması məsələsidir. İstənilən şəxs bilir ki, avro və yaxud dolların sabitliyi ciddi bir təhlükə deyil. Müəyyən qalxıb-enmələr mümkündür, amma kəskin təbəddülatlar ola bilməz. Tutaq ki, bir valyutanın birdən-birə 50% dəyər itirməsi real deyil. Dollar bəzən 3-5% dəyər itirir, sonradan mövqeyini bərpa edir. Bu baxımdan ölkələr onunla ticarət edirlər”.

İqtisadçı digər milli valyutalarla bağlı bu fikri söyləməyin çətin olduğunu vurğulayıb. Milli valyutalarla qarşılıqlı ticarətin ixracatçılara və istehlakçılara ciddi zərbə olmasını istisna etməyib:

“Tutaq ki,İran rialı ilə ticarət edən rus biznes adamı bilmir ki, onun məzənnəsi 1 aydan sonra necə olacaq. İstər
Çin yuanı, istər İran rialı, istər Rusiya rublunun ən böyük problem odur ki, onların məzənnəsi bazarda tənzimlənməyən valyutalardır. Bunlar hökumətlərin siyasi qərarlarına bağlıdır. Ölkələrin hamısı problemli idarəetməyə malikdirlər, Mərkəzi Bankları müstəqil deyil. Sabah bu valyutalarla ticarət edən iş adamların durumuna heç bir təminat yoxdur. O valyutaların dəyər itirib-itirməyəcəyinə də təminat verilmir. Bu isə biznesdə qarşıdakı müddətlər üçün qərar verilməsini şəkildə zədələyir və iş adamlarını daima stress altında saxlayır. Eyni zamanda istehlakçıların da maraqlarına ziddir. Valyuta kəskin şəkildə ucuzlaşdıqda, yaxud bahalaşdıqda ixrac məhsullarının qiymətinə kəskin təsir edir. Bu, ixracatçıların maraqlarına ziddir. İxrac gəlirlərinin artıb-azalması həmin valyutaların məzənnəsindən asılı olur”.