Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

İndex.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Azərbaycan Prezidenti görüşdə çıxış edib:

– Əziz dostlar, ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik Günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.