SİF-in aktivləri 3% azalıb

2022-ci il yanvarın 1-nə Sahibkarlığın İnkişafı Fondunun aktivləri 842,108 milyon manat təşkil edib, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 3% azdır.

İndex.az xəbər verir ki, bu barədə SİF-in 2021-ci il ərzində audit olunmuş illik hesabatıbda məlumat verilir.

Hesabata əsasən, 2022-ci ilin əvvəlinə Fond tərəfindən kredit təşkilatlarına ayrılan kredit vəsaitinin həcmi 716,396 milyon manat təşkil edir və 2021-ci il ərzində 2,6% azalıb.

2022-ci il yanvarın 1-nə SİF-in hesablarında mövcud pul vəsatinin həcmi 40,036 milyon manat təşkil edir (artım 58%).

2022-ci ilin əvvəlinə Fondun öhdəlikləri 16,986 milyon manat təşkil edir.

2021-ci ilin sonuna Fondun kapitalı 825,122 milyon manatdır (artım 0,8%), nizamnamə kapitalı – 1 milyard 7,307 milyon manat təşkil edir (dəyişməyib).

2021-ci ildə SİF-in əməliyyat gəliri 39,9% – 14,139 milyon manatadək artıb.

Eyni zamanda, 2021-ci il ərzində qiymətdən düşmə zamanı zərər 10,435 milyon manat təşkil edib.

2021-ci ildə Fond 805 min manat məbləğində mənfəət vergisi ödəyib.

2021-ci ilin yekunları üzrə SİF-in vergiöncəsi mənfəəti 2020-ci ildə 32,008 milyon manat zərərə qarşı 18,488 milyon manat təşkil edib

Xəbər verildiyi kimi, 1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

Mənbə – İntefaks-Azərbaycan