Peyk, yoxsa dronla çəkmək? – Ortofoto xəritələrin fərqi

Hələ 2016-cı ildə Prezidentin 818 saylı fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinə ölkənin elektron kadastr uçotunun yaradılması tapşırılıb. Bu proses 2020-ci ildə tamamlanmalı idi. Lakin hələlik onun bir hissəsi – pay torpaqlarının kadastr uçotu yekunlaşıb. Həmin məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin elektron kənd təsərrüfatı informasiya sisteminə də inteqrasiya edilib. Lakin bu proses irimiqyaslı olduğundan hazırda onun dürüstləşdirmə işləri aparılır. Torpaqların elektron idarəedilməsi, ortofoto xəritələrinin hazırlanması və əhəmiyyəti, onlardan istifadə imkanları barədə İndex.az-ın suallarını Kənd təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri  Firudin Tağıyev cavablandırıb:

  • Torpaqların elektron idaredilməsi nədir və nə üçün lazımdır?

 

  • Torpaq resursları coğrafi paramertlərə malikdir. Onların fiziki yerləşməsi koordinatlarla müəyyən edilməlidir. Bu resursların müəyyən edilməsi üçün mütləq elektronlaşdırılaraq xəritələşdirilməsinə ehtiyac vardır. Müasir dünyada tətbiq olunan metod torpaqların kadastrı çərçivəsində yer quruluşu işlərinin aparılmasıdır. Bu iş Əmlak Məsələləri Dövlət Xidmətində aparılır. Onlar torpaqların elektron kadastr uçotu sistemini qururlar. Bu sistemin qurulması eektron kadastrın əldə olunmasına rəvac verir. Kənd sakinlərin ayrılan pay torpaqların hər biri müəyyən yerləşmə nöqtələrinə malikdir. Kadastrın da əsas vəzifəsi burada yer quruluşu işlərini aparmaq və həmin döngə nöqtələrinin koordinatlarını elektron bazaya daxil edərək onların parsel sistemini qurmaqdan ibarətdir. Lakin pay torpaqlarının kadastr uçotunin aparılması prosesi irimiqyaslı olduğundan hazırda onun dürüstləşdirmə işləri aparılır. Kadastr sisteminin olması olduqca vacibdir və bu gün bizim üçün çox aktualdır. Həmin kadastr parselləri fermerlərin torpaq sahələrini özündə ehtiva edir. Biz Elektron Kənd Təsərrüfatı İinformasiya Sistemində onun üzərində fermerlərin əkinlərini görə bilirik. Onlar öz əkinlərini   kadastr parselləri üzərində vektorlaşdıraraq bizə bəyan edirlər. Bundan sonra proses monitorinqə yönləndirilir. Doğru bəyan edən və əkinləri faktiki yerində olan  fermerlər subsidiya dəstəyindən yararlanırlar.

 

  • Bəs ortoxəritələrin hazırlanması necə başa gəlir?

 

  • Ortoxəritələr artıq ötən əsrin 80-ci illərindən aktuallaşmağa başlayan terminologiyadır və bu gün daha aktiv şəkildə istifadə olunur. Onlar peyk və digər vasitələrlə fəzadan çəkilən yerin üç ölçülü modelidir. Bu modeldə faktiki vəziyyət əks olunur. Monitorinqlər üçün istifadə olunan ən aktual obyektlərdən biri məhz ortoxəritələrdir. Dünyada bir çox peyk şirkətləri bununla məşğul olur. Bunlardan ödənişli və ödənişsiz xidmətlər göstərən peyklər vardır. Pulsuz xidmətlər göstərən peyklərdən “Landsat” və “Sentinental” peykini  göstərə bilərik. Bu peyklərin aydınlatma sferası 10 metr olan ortofotolardır və bunlar açıq resurslardır, hər kəs istifadə edə bilər. Eyni zamanda məsafədən zondlama metodunda açıq resursların imkanlarından daha çox istifadə olunur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi də bu metodologiyadan aktiv istifadə edir.

 

  • Bəs bu ortofotoların dəqiqliyi və qiymətləri ilə bağlı nə demək olar?

 

  • Ortofotoların dəqiqliyi məsələsi gündəmdədir və onların qiymətlərinə də təsir edir. Onların dəqiqliyi artdıqca qiymətləri də artır. Məsələn, 30 sm-dək dəqiqliklə ortofoto çəkən peyklər mövcuddur. Müdafiə xarakterli peyklərin xidmətlərində bu ölçü daha aşağı düşə bilir. Amma bu çox bahalıdır. Eyni zamanda ortofotolarda təyyarə çəkilişlərindən də istifadə olunur. Onlar da dəqiq ortofotolar hesab olunur. 2015-16-cı illərdə Kənd Təsərrütafı Nazirliyinin sifarişi ilə ölkə üzrə belə bir ortofoto bazası çəkilib. Bunu biz türkiyəli mütəxəssislərə həvalə etmişdik. O bizim EKTİS-in qurulmasında bir alt baza kimi istifadə olunur. Hazırda ortofoto xidməti göstərən peyklər sırasında “Azərsky”ın xidmətlərindən mütəmadi yararlanırıq. Ortofotolar bizə kənd təsərrüfatı fəaliyyətini izlənilməsini təmin edir və biz monitorinqlərimizdə bundan əhəmiyyətli dərəcədə istifadə edirik. Ortofotoların tezliyinə baxsaq “Azərsky”-ın çəkdiyi fotolar 1,5 metr dəqiqlikdədir. Daha aşağı ölçüyə malik daha dəqiq ortofotolar süni intellekt sisteminin qurulması üçün vacibdir. Kənd Təsərrütafı Nazirliyinin də buna ehtiyacı vat və bu barədə yuxarı dövlət orqanlarına məlumat verilib.
  • Ortofotoların əldə olunması və xəritələrin hazırlaması üçün hansı vasitə daha effektivdir?

 

  • Peyklərlə ortofoto xəritə materiallarının hazırlanması rahatdır. Çünki peyklər mütəmadi hərəkətdədirlər və buna görə də dövrü olaraq ortofotoları çəkə bilirlər. “Azərsky” 17 gündən bir ərazilərin ortofotosunu çəkə bilir.

Ortofotoların hazırlanması üçün təyyarələrdən də geniş istfadə olunur, ancaq bu çox bahalı prosesdir. Müasir dövrdə dronlardan da çox istifadə olunur. Dron vasitəsilə hazırlanan ortofoto xəritələr əslində daha dəqiq və daha kiçik miqyasa malik xəritələrdir. Lakin bunun da bir mənfi cəhəti var ki, dronla böyük əraziləri əhatə etmək mümkün olmur. Bu, əsasən lokal ərazilərdə effektivdir. Məsələn, ölkə ərazisinin xəritəsini dronla hazırlamaq çox çətin prosesdir.

Ortofotoların emal prosesi  proqram təminatı vasitəsilə həyata keçirilir. Artıq mütəxəssislər  çəkilişlə əldə olunan  dataları emala keçirirlər. Sonda ortofoto xəritə hazırlanır. Həmin xəritələrin istifadəsi spesifik sahə mütəxəssisləri üçündür. Coğrafi informasiya sistemləri ilə işləyə bilən mütəxəssislər, mühəndislər əsasən monitorinq məqsədilə bunlardan istifadə edirlər.

 

  • Bəs biznes subyektlərinin həmin xəritələrə əlçatanlığı necə təmin olunur? İstifadə edə bilirlər?

 

  • Əslində, dövlət qurumlarında istifadə olunan ortofoto xəritələrin istifadəsi biznes subyektləri üçün nəzərdə tutulmur. Ancaq hər kəsin açıq resurslara çıxış imkanı vardır. Google Earth kimi proqramlar ortofoto xəritələri hər kəsə açıq təqdim edirlər. Amma istifadə daha çox həvəskar  formada olur. Peşəkar səviyyədə yanaşmaq üçün mütləq peşəkar komanda olmalıdır və o formalaşdırqdan sonra onlar artıq əgər istəyirlərsə, operatorlara müraciət edə bilərlər.

 

  • Ortofoto xəritələrin hazırlanması və istifadəsində gələcək üçün hansı planlar var?

 

  • Ortofoto xəritələrin zamanla inkişaf etdirilməsi əsas məqsədlərdəndir. Mütəmadi olaraq biz “Azərkosmos”la bu barədə danışırıq. Gələcəkdə peyk resurlarının imkanlarının genişləndirilməsi ilə daha kiçikmiqyaslı ortofotonun əldə edilməsi istiqamətində danışıqlarımız davam etdirilir. Digər vasitə kimi lokal ərazilərdə dronlar vasitəsilə hətta 1-2 sm dəqiqlikdə olan ortofotoların əldə olunması imkanlarını təhlil edirik. Gələcəkdə bunları inkişaf etdirib bu istiqamətdə işləri qurmağı planlayırıq.