Polşadan Bakıya uçuşlar bu tarixdən başlayır

“AZAL”ın prezidenti Cahangir Əsgərovun dəvəti ilə “LOT” aviaşirkətinin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rafal Milçarskinin (Rafal Milczarski) başçılıq etdiyi Polşa nümayəndə heyəti mayın 26-da Bakıya işgüzar səfərə gəlib.

İndex.az “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər hava əlaqəsinin başlanması münasibətilə bir-birini təbrik edərək, reyslərin davamlı yerinə yetirilməsinə ümid etdiklərini bildiriblər. İki ölkə arasında uçuşların başlanması turizm axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar əlaqələri genişləndirməyə imkan verəcək.

Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək. Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.

“AZAL”ın prezidenti Cahangir Əsgərov ölkənin bütün yeddi beynəlxalq hava limanında beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejiminin tətbiq olunduğunu xüsusilə xatırladıb. Bu hava azadlığı dərəcələri xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar təqdim edir və Azərbaycanın hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı verir.