Bu il 180 milyon manata yaxın sığorta haqqı toplanılıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 176 milyon 587 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 31,5% çoxdur.

Ötən 4 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 182 milyon 184 min manat təşkil edib. Bu isə illik müqayisədə 11% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 69,1% azalaraq 31 milyon 525 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 20,4% azalaraq 61 milyon 892 min manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,85 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 34 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci yanvar-aprel aylarında müvafiq olaraq 76 manat və 38 manat olub.

Könüllü sığorta 20% artıb, icbari sığorta isə 22% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 267 milyon 745 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 20,4% çoxdur.

Ötən 4 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 22% azalaraq 91 milyon 26 min manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 62 milyon 351 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 51,8% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 38,4% azalaraq 31 milyon 67 min manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-aprel aylarında 58,2 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 43,2 manatdan 34,1 manata düşüb.

Sığorta bazarı 6% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358 milyon 771 min manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93 milyon 418 min manat təşkil edib. Bu isə illik müqayisədə 48% azdır.

4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.

Mənbə – Renkinq